BAKI, 13 noyabr — Sputnik. Artıq toy mövsümü başlayıb. El şənlikləri əsasən bazarda qızılın qiymətinə təsir edir. Bəs görəsən qızılın qiyməti dəyişibmi?
"Laçın Ticarət Mərkəzi"ndə yerləşən qızıl univermağında tək-tək alıcıya rast gəlmək olardı. Qızıl məmulatlarının çeşidi çox olsa da, satıcılar da alıcı sarıdan "korluq" çəkdiklərini bildirdilər.
Uzun illər qızıl satışı ilə məşğul olan Ədalət Şəfiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, qızıla təlabat çox olsa da, əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Ə. Şəfiyevin sözlərinə görə, əvvəl çəkisi daha çox olan zinnət əşyalarına üstünlük verilirdisə, indi alıcılar daha az çəkili qızıllar alırlar: "Əvvəl 10-15 qıramlıq zinnət əşyaları daha çox alınırdısa, hazırda bir-iki qramlıq qızıllar alınır. Buna da səbəb əhalinin maddi durumunun zəif olmasıdır. Hər kəs istəyər ki, gəlininə ən sanballı qızılı alsın. Amma insanlar məcburdurlar ki, maddi durumlarına uyğun addım atsınlar".
Həmsöhbətimiz deyir ki, hazırda bazarda ən ucuz qızıl rus qızılıdır. Ən bahalı qızıl isə ərəb qızılıdır. Bununla belə bazarda ən çox təlabat türk qızılınadır. Ə. Şəfiyev bildirdi ki, türk qızılının bir qramı 80-85 manata təklif olunur. Rus qızılının bir qramı isə 65-70 manatdır. Bazarda ən bahalı qızıl olan ərəb qızılının bir qramının qiyməti 120 manatdan başlayır. İtalyan qızılının qramı 90-110 manat arasında dəyişir".
Ə. Şəfiyev bildirdi ki, ərəb qızılı bazarda ən az satılan qızıldır.
O ki, qaldı satılan qızılların keyfiyyətinə, Ə. Şəfiyev bildirdi ki, univermaqda saxta qızıl satıla bilməz: "Satışdakı qızıllar xarici ölkələrdə istehsal olunur. Bura metro üstü deyil ki, saxta qızıl satılsın. Bazarda zərgərlər var. Qızılı alan şəxs onların vasitəsilə aldıqları məhsulun keyfiyyətini yoxlada bilər".
Digər satıcılar da qızılın qiymətinin aşağı olduğunu söylədilər. Qızıl satışı ilə məşğul olan Adilə Məmmədova bildirib ki, bir neçə ay öncə qramı 90 manata satılan zinnət əşyaları hazırda 80 manata təklif olunur. Bununla belə bazarda alıcı azdır: "Əslində toy mövsümü qızılın ən çox satılan dövrü hesab olunur. Amma əhalinin alıcılıq qabiliyyəti nədənsə bu payız aşağıdır. Alanla da çox az qramlı qızıllara üstünlük verirlər. Ən çox satdığımız məhsullar bir-iki qramlıq üzüklər, nazik seplər, qolbaqlardır. Əvvəlki kimi brilyant dəstlərin alıcısı yoxdur".
Satıcılar bildirdilər ki, əvvəllər gündə ən azı bir brilyant dəst satırdılarsa, indi həftəyə bir dəst satanda sevinirlər.
Bakıda qızılın satışı
© Sputnik / Zulfiyya Guluyeva
Bazarda iki karatlıq brilyant dəstlərin qiyməti 1200 manata təklif olunur. Satıcılar bir müddət öncə həmin dəstlərin 1400 manatdan ucuz satılmadığını söylədilər. Onların sözlərinə görə, brilyantlar b, c cilalanma kateqoriyasına görə fərqlənir. C rəngli brilyantlar daha baha olur".
Rüstəm adlı satıcı deyir ki, bu onların gəlirlərinə də təsir edib: "Biz bazarda bir metrin icarəsinı aylıq 500 manat ödəyirik. Gərək mal sataq ki, icarə haqqını da ödəyək. Digər tərəfdən də qızılın qiyməti dünya bazarında ucuzlaşıb. Amma heç aşağı qiymətə də alan yoxdur".
Qızılın alış qiyməti isə satışından daha da aşağıdır. Hazırda bazarda qızılın bir qramı 50 manatdan baha alınmır. Satıclar deyir ki, buna səbəb bir tərəfdən qızılın ucuzlaşmasıdırsa, digər tərəfdən daha "əldən" alınan məhsullara elə də təlabatın olmamasıdır.
Bakıda qızılın satışı
© Sputnik / Zulfiyya Guluyeva
Satıcılar hazırda əsas təlabatın alyans nişan üzüklərinə olduğunu söylədilər. Bildirdilər ki, bazarda ən ucuz nişan üzüyünün qiyməti qadın üçün 470-500 manat civarındadır. 2,5 qramlıq sadə boyunbağılar isə 230 manatdır. Bu qiymət qızılın qiyməti düşməzdən öncə 260-170 manat olub.
Alıcılar isə qızılın qiymətində ucuzlaşmanın cüzi olduğunu iddia edirlər. Dilşad İbrahimova adlı alıcı deyir ki, bir neçə gündür qızıl mağazalarında qiymətlər və zinnət əşyalarının modelləri ilə maraqlanır. Amma qiymətlərdə o qədər də fərq görmür: "Gəlinim üçün toy dəsti almaq istəyirik. Keyfiyyəti yaxşı olan brilyant dəstlərin qiyməti 3500-3700 manatdır. Qiymətdə endirim isə çox cüzidir. Bəzi mağazalarda eyni çəkidə, karatda olan dəstlər daha baha satılır. Hələki büdcəmizə uyğun brilyant dəst tapa bilməmişik".
Bakıda qızılın satışı
© Sputnik / Zulfiyya Guluyeva
Alıcı Günay Həsənova isə bildirdi ki, qızıl mağazaları qızılı alanda ucuz, satanda baha satırlar. Onun sözlərinə görə, bazarda qramı 80 manatdan ucuz qızıl yoxdur. İncə, dəbli modellərin qiyməti 300 manatdan ucuz deyil.
Qızılın qiyməti bir müddət öncə dünya bazarında ucuzlaşsa da, qiymətlərdə yenidən artım başlayıb. Qızılın qiymətində yenidən artım müşahidə olunub. Nyu-Yorkun "Comex" birjasında qızılın dekabr fyuçersləri 0,2% bahalaşaraq 1 unsiyası 1 672,35 dollar təşkil edib.