BAKI, 13 noyabr - Sputnik. ABŞ və Çin arasında qarşıdurma dünya iqtisadiyyatının parçalanmasına və yeni soyuq müharibəyə səbəb ola bilər. Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva bildirib.
“Washington Post” qəzetinə müsahibəsində Georgiyeva deyib ki, dünya daha yoxsul və daha az təhlükəsiz vəziyyətə düşə bilər. “Mən birinci Soyuq Müharibə dövründə dəmir pərdənin o tayında yaşamışam. Bəli, orada olduqca soyuqdur. Daha bir nəslə ikinci soyuq müharibəni yaşatmaq çox böyük bir məsuliyyətsizlikdir”, - BVF-nin rəhbəri qeyd edib.
Eyni zamanda, ABŞ-ın dövlət katibi Entoni Blinken oktyabr ayında Soyuq Müharibədən sonrakı dövrün bitdiyini bildirib. Siyasətçinin fikrincə, hazırda yeni dünya düzənini qurmaq və bundan sonra nə olacağını müəyyən etmək hüququ uğrunda rəqabət erası gəlib çatıb.
O, həmçinin vurğulayıb ki, Vaşinqton bu vəziyyətdə mərkəzi rol oynamaq üçün bütün lazımi vasitələrə malikdir.