SƏHİYYƏ

Koronavirusun yeni ştammı yayılıb - Ölkəmizdə yoluxma varmı?

İnfeksionist bildirib ki, əhali arasında yayılan xəstəlik isə daha çox mövsümi qripin əlamətləridir.
Sputnik
BAKI, 12 noyabr — Sputnik. Koronairusun yeni "Serber" ştammı sürətlə yayılmağa başlayıb. Xarici KİV-in yazdığı məlumata görə, yeni ştamm "Omikron" variantının törəməsi hesab olunur.
Yeni ştammın sələfindən başlıca fərqi isə onun daha yoluxucu olmasıdır. Belə ki, "Serber" orqanizmin anticisimlərindən daha asan yan keçir. Bu, peyvənd olunan və ya artıq xəstələnərək təbii müdafiə əldə edənlərin də yenidən yoluxması deməkdir.
Hazırda virus əsasən Avropada yeni epidemiya halına gəlib. Eyni zamanda ağırlaşma halları üzrə geniş miqyaslı artım müşahidə olunmur. "Serber"in simptomları ümumi soyuqdəyməyə bənzəyir: Öskürək, burun axması, qızdırma, intoksikasiya sindromu (ağır yorğunluq, tərləmə və çəki itkisi). Nadir hallarda isə qoxu və dad itkisi müşahidə edilir.
Bəs görəsən koronavirusun yeni ştammı Azərbaycanda da qeydə alınıbmı?
Səhiyyə Nazirliyindən bildirdilər ki, koronavirusla bağlı hazırda ölkəmizdə vəziyyət stabildir. Yeni təhlükəli ştamlar qeydə alınarsa əhaliyə bu barədə məlumat veriləcək.
Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa yoluxma sayında kəskin artım müşahidə olunmur. Hazırda əhali arasında yayılan xəstəlik isə daha çox mövsümi qripin əlamətləridir.
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov
Bununla belə F. Sədirov bildirib ki, əgər ölkəmizdə yeni ştam qeydə alınsa belə, əhalinin çoxunda koronavirus ailəsinə aid ştammlara qarşı imunitet formalaşıb. Bu isə əhalinin yeni ştamlar yayılarsa onlara yoluxan zaman xəstəliyi yüngül keçirməsinə yardım edir.