Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxcıvanski küçəsi, 64 ünvanında yerləşən “8-ci km Bazarı” kimi tanınan “Vüqar-2” ticarət mərkəzində 8 aprel 2022-ci il tarixində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində nöqsanlara yol verdiyinə görə ticarət mərkəzinin cavabdeh məsul şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək nöqsanların aradan qaldırılması üçün əlavə vaxt verilərək tələbnamə təqdim edilib. Bununla belə, 27 oktyabr 2022-ci il tarixində Xidmət tərəfindən yüksək risk qrupuna aid olan sözügedən obyektdə keçirilmiş təkrar yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların hələ də aradan qaldırılmadığı müəyyən edilib.
Belə ki:
- ticarət mərkəzi yanğın su hovuzu ilə təmin edilməyib, habelə ərazidə daxili yanğın su kranları quraşdırılmayıb;
- obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, habelə ümumi elektrik təsərrüfatına və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;
- obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə edilir;
- bir çox satış sahələrinin divarları və tavanı tezalışan çadır tipli materiallarla örtülüb;
- ticarət mərkəzi ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;
- piştaxtalar olan cərgələrdə, habelə ərazidə saxlanılan avtomobillər arasında ara məsafəsi gözlənilməyib və təxliyə yollarında sərbəst hərəkət məhdudlaşdırılıb;
- ticarət mərkəzinin perimetri boyunca vətəndaşların küçə ticarəti ilə məşğul olması səbəbindən yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.
Bununla yanaşı, ticarət mərkəzinin ərazisində aidiyyəti dövlət qurumları, o cümlədən Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan motelin (mehmanxana) fəaliyyət göstərdiyi və orada aşağıdakı ciddi qayda pozuntuları aşkar edilib:
- motel binası tüstüyə qarşı müdafiə sistemləri ilə təmin olunmayıb;
- bina avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə tam təmin olunmayıb və işlək vəziyyətdə deyil;
- standartlara uyğun olmayan istilik sistemindən istifadə edilir;
- bina ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;
- ümumi elektrik təsərrüfatına və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;
- təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə cavab vermir;
- motel otaqları yanar materiallarla üzlənilib.
Qeyd olunanları nəzərə alaraq, verilmiş tələbnamənin yerinə yetirilməməsinə görə ticarət mərkəzinin yanğın təhlükəsizliyinə qarşı cavabdeh şəxsi – Həsrətov Həsrət Tənzil oğlu barəsində “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”nin 536.1-ci maddəsinə əsasən inzibati xəta haqqında növbəti protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün sahibkara təqdimat ünvanlanıb və sənəd ticarət mərkəzinin nümayəndəsinə təqdim olunub. Yanğına qarşı aşkar edilmiş qayda pozuntuları aradan qaldırılmadığı təqdirdə qanunvericiliyə uyğun daha ciddi tədbirlərin tətbiq ediləcəyi sahibkarın nəzərinə çatdırılıb.