BAKI, 12 noyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi görüləcək işlərin təqvimini açıqlayıb. Təqvim planına əsasən 9- və 11-ci siniflər üzrə buraxılış imtahanlarının mart ayında keçirilməsi nəzərdə tutulub. İmtahan tarixinin hər il dərs ili başa çatmamış keçirilməsi birmənalı qarşılanmır. Hətta imtahanlardan sonra buraxılış siniflərinin şagirdlərinin məktəbə dəvamiyyəti də zəifləyir. Bəs görəsən imtahanların tədris ili başa çatmamış təşkil olunmasında məqsəd nədir?
Dövlət İmtahan Mərkəzinin mətbaut katibi Xanlar Xanlarzadə Sputnik Azərbaycan-a bildirib ki, artıq ötən ildən buraxılış imtahanları mart-aprel aylarında təşkil olunur. Buna da səbəb imtahan suallarının emalı və yoxlanması ilə bağlı xeyli vaxt tələb olunmasıdır: "Buraxılış imtahanlarından sonra DİM tərəfindən ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsi təşkil olunur. Bu amillər nəzərə alınmaqla buraxılış imtahanlarının vaxtı mart-aprel aylarına salınır".
O ki qaldı dərs proqramına, X. Xanlarzadə bildirdi ki, keçirilməyən dərslərə aid suallar buraxılış imtahanlarına salınmır.
Bununla belə X. Xanlarzadə buraxılış imtahanlarının keçirilmə tarixinin yanvarda açıqlanacağını söyləyib. Bildirib ki, hələki bu barədə DİM tərəfindən rəsmi açıqlama verilməyib.
Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kurikulum standartları şagirdlərdə tədris ilinin ortalarında formalaşır. Ona görə də buraxılış imtahanlarının mart ayında keçirilməsi problem yaratmayacaq.
K. Əsədov onu da bildirib ki, DİM-in açıqladığı təqvim planın əsas mahiyyəti şagirdlərlə bağlı informasiyanı sistemə vaxtında və dəqiq daxil etməlidirlər. Çünki, şagird-məzun sisteminə bu informasiya gec daxil edilərsə şagirdlər buraxılış imtahanlarında iştirak edə bilmirlər. O, qeyd edib ki, bu problem hər il yaranır. Ona görə də məktəblər bu məsələdə diqqətli olmalıdırlar.
Xatırladaq ki, 2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun attestasiya ilə əlaqədar görüləcək işlərlə bağlı Dövlət İmtahan Mərkəzinin yeni təqvim planı təsdiq edilib.
Bu barədə mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, "Şagird-məzun" dövlət elektron məlumat sisteminə 2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə Təqvim planı"nı DİM sədri Məleykə Abbaszadə təsdiqləyib.
Regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq, "Şagird-məzun" sisteminə daxil edilməsini təmin etsinlər.