CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtovağzallar boş qalıb - Qanunsuz sərnişindaşıma "meydan oxuyur"

Ekspert bildirir ki, qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər arasında narkotik maddə aludəçiləri də var.
Sputnik
BAKI, 12 noyabr — Sputnik. Paytaxtda iri avtovağzal kompleksi inşa olunsa da, hələ də sərnişinlər rayonlararası gediş-gəlişdə taksi xidməti göstərən minik avtomobillərinə, eləcə də aztutumlu mikroavtobuslara üstünlük verirlər. Onların fəaliyyəti qeyri-qanuni sərnişindaşıma hesab edilsə də, hər gün rayonlara, eləcə də əks istiqamətə xeyli sayda sərnişin daşınır.
Bu günlərdə probelmə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov da münasibət bildirib. O, deyib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində hələ də tam qayda-qanun yaratmaq mümkün olmayıb. "O qədər səy göstəririk, lakin orada xoşagəlməz vəziyyət hələ də hökm sürür" deyə nazir müavini gileylənib.
Rəhman Hümmətov bildirib ki, rayonlarda vəziyyət daha da çətindir: "Bu vəziyyəti kökündən dəyişməyin yeganə yolu icazə sisteminin bərqərar olmasıdır. Avtobuslar birmənalı şəkildə avtovağzaldan-avtovağzala getməlidir. Bunun başqa yolu yoxdur. Biz Daxili İşlər Nazirliyinə vəziyyətlə bağlı müraciət etdik, avtovağzalın qarşısında vəziyyətin yoluna qoyulması üçün xeyli köməklik göstərdilər. Digər yerlərdə də oxşar vəziyyətdir"
Nazir müavini bildirib ki, qısa zamanda "Biletim.az" portalı istifadəyə veriləcək: "Şəhərlərarası sərnişin üçün bilet satışı tamamilə nağdsız ödəniş formasına, onlayn satışa keçiriləcək. Orada normal bir sistem qurulub. Məsələ burasındadır ki, kənd adamı gəlir avtovağzala və bəlli olur ki, bilet qalmayıb. Ən yaxşı halda ya bir neçə saat gözləyir, ya da iki dəfə xərc çəkmiş olur. Belə ki kəndən avtovağzala getməlidir, bilet almalıdır və bir də kəndə qayıtmalıdır. Bütün bunları nəzərə alaraq biz bilet satışını elektron varianta keçiririk. Bir tərəfdən icazə sistemi, digər tərəfdən də "biletim.az"ın istifadəyə verilməsi, daha sonra isə şəhərdaxili, rayondaxili nağdsız ödəniş sistemi öz həllini tapmalıdır. Bununla bağlı da bəzən absurd çətinliklər yaranır. Avtobusa quraşdırılmalı olan avadanlığın qiyməti avtobusun qiymətindən baha olur. Və ya o avtobusun tipi ümumiyyətlə ödəniş sistemi üçün nəzərdə tutulmayıb. Bu çətinliklər gərək planlı şəkildə, tədricən aradan qalxsın".
Avtovağzalların qarşısından qanunsuz sərnişindaşıma problemi dəfələrlə gündəmə gətirilsə illərdir bu məsələ həll olunmayıb.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanunsuz sərnişindaşımanın qarşısının alınmasının vaxtı çatıb. Ekspert bu məsələdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə razı olduğunu söyləyib. E. Muradlı deyir ki, qanunsuz sərnişindaşıma səbəbindən avtovağzallar boş qalıb: "Bu gün qanunsuz sərnişindaşıma qanuni sərnişindaşımadan dəfələrlə çoxdur. Pandemiya dövründə qanunsuz sərnişindaşıma daha çox sərnişin cəlb edə bildi. Çünki, həmin dövrdə rayonlararası sərnişindaşıma dayandırılmışdı. Onlar artıq öz müştərilərini toplayıblar. Qanunsuz sərnişindaşıma sərnişinlər üçün daha rahat hesab olunsa da, onların təhlükəli olması çox təəssüf ki, nəzərə alınmır. Sərnişinlər qanunsuz sərnişindaşıma xidmətlərindən istifadə edirsə, bilməlidirlər ki, onların həyatı sığortalı deyil. Qəza baş verərsə onlara sığorta ödənilməyəcək. Amma qanuni sərnişindaşıma xidmətindən istifadə edən sərnişin sığortalı olur. Onu daşıyan sürücü və avtomobil tibbi və texniki müayinədən keçir. Çox təəssüf ki, insanlar bəzən zaman qazanmaq üçün qanunsuz sərnişindaşımaya üz tutur".
Ekspert deyir ki, qanunsuz sərnişindaşımadan ən böyük ziyanı dövlət büdcəsi çəkir. E. Muradlı qanunsuz sərnişindaşıyan sürücülər arasında narkotik vasitə aludəçilərinin də olduğunu söyləyir: "Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər bir gündə iki-üç reys həyata keçirirlər. Bir gündə rayonlararası üç reys sərnişindaşıyan sürücü təbii ki, yorulur. Onlar bəzən yuxusuzluqdan xilas olmaq, yorğunluq hiss etməmək üçün narkotik maddə olan "patı"dan istifadə edirlər. Bu da sərnişinlərin təhlükəsizliyi baxımından risklidir. Ona görə də sərnişinlər özləri seçim etməlidirlər. Qanunsuz sərnişindaşımaya müraciət etməklə həyatlarını təhlükəyə atdıqlarını anlamalıdırlar".
E. Muradlının sözlərinə görə, qanunsuz sərnişindaşımaya qarşı mübarizə tədbirləri gücləndirilməlidir: "Qanunsuz sərnişindaşıma ilə məşğul olanların arxasında dayanan qüvvələr var. Onlar lazım gələndə qazilərdən sui istifadə edirlər. Buna son qoyulmalıdır".
Ekspert deyir ki, onlayn bilet sisteninin rayonlararası sərnişindaşımada tətbiq edilməsi vacibdir: "Ucqar kəndlərin hamısında artıq internet var. Bakıya gəlmək üçün sərnişin rayon mərkəzinə gəlib bilet alıb qayıdır. Bir də səhəri gün Bakıya gəlmək üçün avtvağzala gəlir. Sərnişin iki dəfə əziyyətə düşür. İşğaldan azad edilmiş rayonlara bilet satışının onlayn həyata keçirilməsi göstərdi ki, sərnişinlər bu xidmətdən yararlana bilirlər. Deməli bunu bütün ölkə üzrə tətbiq etmək problem olmaz. Bu qanunsuz sərnişindaşımanın da qarşısını alacaq".
Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, koronavirus (COVID 19) pandemiyası dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə avtovağzallarda sərnişindaşıma müəyyən müddətə dayandırılıb. Həmin müddətdə xeyli sayda qeyri-qanuni daşımalara imkan yaranıb. Şəhərlərarası sərnişindaşımalar bərpa edildikdən sonra daşıyıcıların və avtovağzal sisteminin fəaliyyətində problemlər yaranıb. Belə ki, avtovağzallara daxil olmadan sərnişinlərin daşınması və bəzi hallarda kassalardan bilet almadan daşımaların həyata keçirilməsi halları baş verib. Bu da həm avtovağzalların, həm də şəhərlərarası müntəzəm daşımalar həyata keçirən daşıyıcıların rentabelliyinə mənfi təsir göstərir.
Hazırda əsas problem kimi avtovağzallardan kənar, heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu da öz növbəsində avtovağzallarda qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına mane olur, daşıyıcıların rentabelliyinə ciddi zərbə vurur, nəticədə daşımaların keyfiyyət və təhlükəsizliyini aşağı salır. Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əvvəlcə iri daşıyıcılarla, daha sonra avtovağzal rəhbərləri ilə görüş keçirilib. Görüşlərdə sərnişindaşıma sahəsində çatışmazlıqların müəyyənləşdirilməsi, onların həlli yolları, daşıyıcıların fəaliyyəti, sahibkarların qarşılaşdığı çətinliklər müzakirə olunub. Onlardan çətinliklərin həlli ilə bağlı təkliflər alınıb. Bu təkliflər əsasında avtovağzalların işinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən sərnişindaşıma üzrə bilet satışının elektronlaşdırılması nəzərdə tutulur.
Hazırda şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında onlayn bilet satışının təşkili üçün "biletim.az" portalı üzərində işlər aparılır. Onlayn bilet sisteminin bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları əhatə etməsi nəzərdə tutulur. "biletim.az" portalı vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması və s. baxımından bir sıra üstünlüklərə malikdir. Bununla paralel olaraq müvafiq dövlət orqanı ilə birlikdə müntəzəm avtobus marşrutları üzrə qeyri-qanuni daşımalara qarşı reydlər keçirilir və protokollar tərtib edilir. Təkcə 31 oktyabr tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin keçirdiyi reyd çərçivəsində 212 avtonəqliyyat vasitəsi saxlanılıb. 22 halda AYNA, 69 halda Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən İnzibati Xəta Protokolu tərtib edilib. 121 avtonəqliyyat vasitəsinin sürücüsünü isə AYNA əməkdaşları məlumatlandırıb və onlara xəbərdarlıq ediblər.