BAKI, 11 noyabr — Sputnik. Səmərqənddə keçirilən sammitin yekunlarına görə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderləri təhlükəsizlik, iqtisadiyyat və investisiyaların inkişafı, nəqliyyat əməkdaşlığı sahələrində 10-dan çox sənəd imzalayıblar.
Sammitin təşkilat komitəsindən verilən məlumata görə, dövlət başçıları təşkilat çərçivəsində regional təhlükəsizlik, iqtisadi inkişaf, nəqliyyat əlaqələri və mədəni dialoqun dərinləşdirilməsi sahəsində çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsinə yönəlmiş əsas sənədi - Səmərqənd Bəyannaməsini imzalayıblar.
Təşkilatın 2022-2026-cı illər üçün strategiyası, ticarətin asanlaşdırılması strategiyası da qəbul edilib, nəqliyyat sahəsində sənədlər - beynəlxalq multimodal yük daşımaları haqqında saziş və nəqliyyat sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Ölkələrin liderləri təşkilatın ilkin nizamnamə kapitalı 350 milyon dollar olan investisiya fondunun yaradılmasını başa çatdırmaq məqsədi daşıyan qərar imzalayıblar.
Bundan əlavə, Qırğızıstanın Türkiyə və İsraildəki keçmiş səfiri Kubanıçbek Omurəliyevin TDŞ-nin baş katibi vəzifəsinə namizədliyinin təsdiq edilməsi barədə qərar qəbul edilib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısı noyabrın 10-11-də Səmərqənddə keçirilir. İclasda Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Azərbaycan dövlət başçıları iştirak edir. Sammitdə müşahidəçi qismində Türkmənistan və Macarıstan nümayəndələri də iştirak edir.
Görüşün əsas mövzusu ölkələr arasında əməkdaşlığın yeni sahələri, o cümlədən ticarət və nəqliyyat kimi sahələr olub.
İclasdan sonra dövlət başçıları sammitin əsas qərarlarını və Özbəkistanın təklif etdiyi təşəbbüsləri əks etdirəcək əsas yekun sənədi - Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Səmərqənd Bəyannaməsini qəbul ediblər.
Səmərqənd sammitindən sonra TDŞ-də sədr statusu Türkiyədən Özbəkistana keçəcək.
Türk Şurası 2009-cu ildə yaradılıb. İlkin olaraq onun tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxil idi. Özbəkistan 2019-cu ildə birliyə qoşulub. 2021-ci ilin noyabrında şuranın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı.