BAKI, 11 noyabr — Sputnik. Noyabrın 11-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
Görüşdə Qurbanqulu Berdiməhəmmədov Vətən müharibəsində Qələbənin ikinci ildönümü münasibətilə özünün və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini Prezident İlham Əliyevə çatdırıb.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev öz növbəsində Qurbanqulu Berdiməhəmmədovu Türk Dünyasının Ali Ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Dövlətimizin başçısı qeyd etdi ki, Türkmənistan və Azərbaycan bütün sahələrdə qardaşlıq, dostluq münasibətləri nümunəsi göstərir və bugünkü görüş də əlaqələrimizin inkişafına yaxşı təkan verəcək.
Görüşdə energetika, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Xatırladaq ki, noyabrın 10-11-də Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısı Səmərqənddə keçirilir. İclasda Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Azərbaycan dövlət başçıları iştirak edir. Sammitdə müşahidəçi qismində Türkmənistan və Macarıstan nümayəndələri də iştirak edir.
Görüşün əsas mövzusu ölkələr arasında əməkdaşlığın yeni sahələri, o cümlədən ticarət və nəqliyyat kimi sahələr olub.
İclasdan sonra dövlət başçıları sammitin əsas qərarlarını və Özbəkistanın təklif etdiyi təşəbbüsləri əks etdirəcək əsas yekun sənədi - Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Səmərqənd Bəyannaməsini qəbul ediblər.
Səmərqənd sammitindən sonra TDŞ-də sədr statusu Türkiyədən Özbəkistana keçəcək.
Türk Şurası 2009-cu ildə yaradılıb. İlkin olaraq onun tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxil idi. Özbəkistan 2019-cu ildə birliyə qoşulub. 2021-ci ilin noyabrında şuranın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı.