BAKI, 11 noyabr — Sputnik. Noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilir.
İclasın gündəliyində "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
İclasda Maliyyə naziri Samir Şərifov, maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Ombudsman Səbinə Əliyeva, Xarici İşlər Nazirliyinin maliyyə şöbəsinin müdiri Nərgiz Səfərova və digər rəsmi şəxslər iştirak edirlər.
Maliyyə naziri Samir Şərifov bildirib ki, 2023-cü ilin dövlət büdcəsində hərbi qulluqçuların mənzil təminatı üçün 35 milyon manat vəsait nəzərdə tutulub.
Nazir bildirib ki, 2023-cü ilin dövlət büdcəsində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi inkişaf, Qarabağ və Şərqi Zəngəzurun inkişafı, azad edilmiş ərazilərə Böyük qayıdış kimi strateji çağırışlar əksini tapıb.
S.Şərifov qeyd edib ki, büdcə layihəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.
Xatırladaq ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Qanun layihəsində 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.
Onu da bildirək ki, "Hərbi qulluqçuların statusu haqqında" qanuna görə hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.