İQTİSADİYYAT

Gələn il yaşa görə orta aylıq pensiyanın 450 manatdan çox olacağı gözlənilir - Nazir

S.Babayev əlavə edib ki, ölkədə əməkhaqqının artırılması sahəsində islahatlar davamlı nəticə göstərir
Sputnik
BAKI, 11 noyabr — Sputnik. Gələn il yaşa görə pensiyanın orta aylıq məbləğinin 450 manatdan yüksək olacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, gələn il pensiyaların orta göstəricisinin ciddi şəkildə artımı, ümumilikdə pensiyanın orta aylıq həddinin 400 manatdan yüksək olması proqnozlaşdırılır.
S.Babayev əlavə edib ki, ölkədə əməkhaqqının artırılması sahəsində islahatlar davamlı nəticə göstərir.

"Əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımı pensiyaçılarımız üçün çox önəmlidir", - deyə nazir əlavə edib.

Sosial yönüm
Qeyd edək ki, əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılmışdır. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.
Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.
Xatırladaq ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Qanun layihəsində 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.