BAKI, 11 noyabr - Sputnik. Bu gün Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Eleqant kimono: Yapon kimono şousu” adlı moda nümayişi keçirilib.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Yaponiyanın Azərbaycandakı Səfirliyi, SOAC Art Consultancy & Curation, Odasho Co. Ltd, Yaponiya Beynəlxalq Tekstil Şəbəkəsinin təşkilatçılığı, “ISR Holding”in dəstəyi ilə reallaşıb.
Bakıda "Elegant Kimono: Yapon Kimono şousu"
© Sputnik / Kemale Aliyeva
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, kimono yapon mədəniyyətinin ayrılmaz hissəsi olan ənənəvi geyimdir. Muzeyin direktoru bildirib ki, bu defilə Azərbaycan və Yaponiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir:
"Kimono yaponların həyatında əhəmiyyətli yeri var. Bu geyim bu günə qədər öz aktuallığını qoruyub saxlayıb. Geyimlərdə Azərbaycan xalçaçılıq sənətinin elementləri əks olunub. Bu da iki ölkə arasında olan mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edir. Bu ilkdir, ümid edirəm ki, bunun davamı da olacaq".
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada qeyd edib ki, kimono ölkəsinin tarixinin və mədəniyyətinin ayrılmaz hissəsidir:
“Kimono yapon mədəniyyətinin ayrılmaz hissəsi olan ənənəvi geyimdir. Kimononun müxtəlif növləri vardır. Bu gün model qismində səfirliklərin əməkdaşları, Azərbaycanda yaşayan yaponlar və yapon mədəniyyətini sevən azərbaycanlılar iştirak edir”.
Bakıda "Elegant Kimono: Yapon Kimono şousu"
© Sputnik / Kemale Aliyeva
Səfir tədbirin həyata keçirilməsinə görə Xalça Muzeyinə və dəstəkçi şirkətlərə təşəkkür edib. Daha sonra çıxış edən sənətşünas Sumiyo Okumura kimanonun tarixi haqqında məlumat verib.
Xalça muzeyində baş tutan mərasimdə müxtəlif növ kimonolar - təntənəli mərasimlər üçün nəzərdə tutulan “furisode” və “kosode”, festivallarda geyinilən “happi”, yüngül yay kimonosu “yukata” nümayiş etdirilib.
Şounun sürprizini “Kimono Trip” (“Kimono səyahəti”) adı altında Azərbaycan xalça naxışları ilə bəzədilmiş xüsusi modellər və ənənəvi türk “kutnu” parçalarından hazırlanmış kimonolar təşkil edib.
Bakıda "Elegant Kimono: Yapon Kimono şousu"
© Sputnik / Kemale Aliyeva
Modellər arasında keçmiş "Dəyirman" qrupunun üzvü ABD Malik də yer alıb. Defilədə ənənəvi yapon kimonoları ilə yanaşı, Azərbaycan xalça ornamentləri ilə işlənmiş kimonolar da təqdim olunub.
Yaponların bayram, toy kimi xüsusi günlərdə, digər mərasimlərdə geyindikləri, həm uşaqlar, həm də böyüklərin həyatında öz yeri və rolu olan müxtəlif növ kimonoların nümayişi baş tutub.
Bakıda "Elegant Kimono: Yapon Kimono şousu"
© Sputnik / Kemale Aliyeva
Ümumilikdə, moda nümayişində təkcə milli yapon geyimi kimi deyil, həm də universal geyim olaraq coğrafi sərhədləri aşmış moda nümunələri olan 24 kimono nümayiş etdirilib. Bundan başqa, tədbirdə Azərbaycan və Yaponiyanın milli mətbəx nümunələri izləyicilərə təqdim olunub.