BAKI, 11 noyabr — Sputnik. Cari ilin 9 ayı ərzində respublika üzrə 28549 nəfər heyvan dişləməsi şikayəti ilə tibb müəssisələrinə müraciət edib, ölən olmayıb. Bu barədə Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda bildirilir ki, müraciət edənlərdən 6484 nəfəri Bakı şəhərinin payına düşür.Onların 23716 nəfəri it (Bakı şəhəri üzrə 4471), 3909 nəfəri pişik (Bakı şəhəri üzrə 1765), 420 nəfəri siçovul (Bakı şəhəri üzrə 162), 504 nəfəri isə digər heyvalar (Bakı şəhəri üzrə 86) tərəfindən zədələnməyə məruz qalanlardır.
Nazirlikdən verilən məlumatda qeyd olunub ki, müraciətlər daha çox Abşeron, Sumqayıt, Şəmkir, Gəncə (Bakı şəhəri üzrə Sabunçu, Xəsər, Suraxanı və s.) və sair rayonlarda qeydə alınıb ki, bu da həmin rayonlarda yaşayan əhali sayına görədir.
Səhiyyə Nazirliyindən bildirilib ki, heyvan dişləməsinə, cırmaqlamasına məruz qalan şəxslər mütləq tibb müəssisəsinə müraciət etməlidir:
"Quduzluğa qarşı vaksinasiya üçün antirabik vaksin, antirabik immunoqlobulin və tetanus xəstəliyindən qorunmaq üçün tetanus əleyhinə anatoksindən istifadə olunur. Respublikanın tibb müəssisələrinin cərrahi kabinetlərində bu vaksinlər var. Əgər zədələnmə nahiyəsi yuxarı ətraflardadırsa (əl, baş, üz, gövdənin yuxarı hissəsi) o zaman tibb müəssisəsinə müraciət edən zərərçəkən antirabik vaksin və immunoqlobulin vurdurmalıdır. Yanaşı olaraq həmçinin tetanus əleyhinə anatoksin də vurulmalıdır. Müalicə kursu cərrah tərəfindən təyin edilir və zərərçəkən xüsusi sxem əsasında müalicə kursu bitənədək vaksinlərini vurdurmalıdır".
Qeyd edək ki, Qazax rayonunda son üç ayda 700 sakin sahibsiz itlərin hücumuna məruz qalıb.
Bu barədə isə Apa xəbər yayıb, məlumatda qeyd olunub ki, sonuncu belə hadisə Qazax şəhərindəki küçələrdən birində baş verib. Gündüz saatlarında küçə ilə hərəkət edən yaşlı qadına sahibsiz itlər hücum edib. Yaxınlıqdakı şəxslər qadını küçə itlərinin əlindən alıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirib, tibbi yardım göstərilib.
Sakinlərin sözlərinə görə, Qazax rayonunda sahibsiz itlərin sayı günbəgün artmaqdadır. Son zamanlar it dişləməsi faktları da çoxalıb. Təkcə son 3 ay ərzində 700-ə yaxın sakin sahibsiz itlərin hücumuna məruz qalıb.
Qazax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, it dişləməsi diaqnozu ilə xəstəxanaya müraciətlər artıq gündəlik hal alıb. Sakinlər sahibsiz itlərin artmasının səbəb kimi rayon ərazisində məişət tullantıları qablarının azlığını göstərirlər. Belə ki, toplanan tullantılar həm də itlərin yem mənbəyi rolunu oynayır, nəticədə sahibsiz itlər parklarda, bağlarda kütləvi şəkildə artaraq təhlükə mənbəyinə çevrilir.