BAKI, 11 noyabr — Sputnik. Azərbaycanın xurma ixracında azalma müşahidə edilir. Bu il də ən çox Rusiyaya məhsul göndərilib.
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 30 milyon 615 min dollar dəyərində 40 min 296 ton xurma ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 10.1%, həcm baxımından isə 11.1% azdır.
Keçən ilin 9 ayında Azərbaycandan 34 milyon 78 min dollar dəyərində 45 min 334 ton xurma xaricə göndərilib.
Ən çox Rusiyaya xurma ixrac edilib
Qeyd edək ki, Azərbaycan ən çox Rusiyaya xurma ixrac edib. Bu ilin 8 ayının məlumatlarına görə, ölkəmizdən Rusiyaya 28 milyon 588 min dollar dəyərində 34 min 781 ton xurma göndərilib. Lakin həcm baxımından bu rəqəm ötən ilin 8 ayı ilə müqayisədə 2 min 896 ton azdır. Başqa sözlə, Rusiyaya xurma ixracı nisbətən azalıb.
Cari ilin 8 ayında Azərbaycandan Ukraynaya 933 min dollar dəyərində 3 min 882 ton xurma ixrac edilib. Ukraynaya da xurma ixracı 539 ton azalıb.
Xurma ixracında üçüncü yerdə Qazaxıstan gəlir. 8 ayda Azərbaycandan bu ölkəyə 77 min dollar dəyərində 226 ton xurma göndərilib. Qazaxıstana da ixrac 109 ton azalıb.
Azərbaycandan Belarusa da 71 min dollar dəyərində 186 ton xurma göndərilib. Ötən ilin 8 ayında isə Belarusa xurma ixrac edilməyib.
Azərbaycandan xurma ixracı, arxiv şəkli
© Sputnik / Reshad Rashidov
Hazırda Rusiyaya ixracda problem yoxdur
Xurma ixracının azalması ilə bağlı aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, Ukraynada baş verən hadisələrlə bağlı Azərbaycanın xurma ixracında azalma müşahidə edilir:
"Rusiya-Ukrayna münaqişəsinə görə Ukrayna bazarını demək olar ki, itirmişik. Hazırda Rusiyaya ixracda problem yoxdur. Ümumiyyətlə, Rusiyaya meyvə ixracında artım var".
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda xurma bağlarının sahəsi 13.1 min hektar olub. Belə ki, xurma bağlarının sahəsi 2015-ci ilə nisbətən 20.2%, 2020-ci ilə nisbətən isə 3.2% çox olub.
Xurma istehsalı artıb
2021-ci ildə ölkədə xurma istehsalı 2015-ci ilə nisbətən 31.3%, 2020-ci ilə nisbətən isə 3.9% artaraq 192.5 min ton olub. 2018-2021-ci illərdə daxili bazarda xurmanın 1 kiloqramının topdansatış qiymətləri 0.45-1.04 manat olub. Xurma ixracı 2015-ci ilə nisbətən 82.2%, 2020-ci ilə nisbətən isə 38.5% artaraq 174.2 min ton olub.
Ötən il istehsal edilən xurmanın 90.5%-i ixrac olunub. İxrac olunan xurmanın 82.0%-i Rusiyanın, 17.4%-i Ukraynanın, 0.6%-i isə digər ölkələrin payına düşüb.