VİDEO

Müharibənin bitməsi informasiya savaşının sona çatması demək deyil - Zamin Zeynal

Azərbaycan tərəfi "Telegram" kanalında fəal iş apararaq müəyyən informasiya təhdidlərinin zərərsizləşdirilməsini təmin edib.
Sputnik
BAKI, 10 noyabr - Sputnik. Noyabrın 10-da "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin təşkilatçılığı ilə "Post-müharibə dövründə informasiya təhlükəsizliyi" mövzusunda mətbuat konfransı keçirilib.
Mətbuat konfransında "Müasir İnternet Resurslarının İnkişafı"İctimai Birliyinin sədri Zamin Zeynal, Birliyin sədr müavini şair-publisist Sərvaz Hüseynoğlu, "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyi idarə heyətinin sədri Elvin Abbasov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov, "Dayaq" Vətən müharibəsi Əlilləri və Şəhidi Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev sədri müavini Məcid Məmmədov, tanınmış ictimayət nümayəndələri, QHT sədrləri iştirak edərək çıxış ediblər.
Mətbuat konfransında "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri Zamin Zeynal çıxış edərək qeyd edib ki, 44 günlük Vətən müharibəsində xalqımızın tarixi qəlbə Zəfərinin qazanması qürurla qeyd edirik:

"Dünyada baş verən hadisələrə nəzər salsaq görərik ki, bu bizi heçdə arxayınlaşdırmamalıdır. Çünki Qarabağ müharibəsinin bitməsi informasiya savaşının sona çatması demək deyil. Bu prosesin illərlə davam etməsi qaçılmazdır. Ona görə ki, işğalçı erməni qəsbkarlarının Azərbaycana qarşı işğalçılıq, terrorçuluq, separatçılıq niyyətlərinin hələdə qalması bizə onu deməyə əsas verir ki, hər zaman nəzarətləri altında olan informasiya vasitələrinin imkanlarından bəhrələnərək yalançı, iftira dolu məlumatlarla dünyanı inandırmağa çalışırlar".

Birlik sədri post-müharibə dövründə bəzi faktlara diqqət çəkib:
"44 günlük Vətən müharibəsi zamanı Ermənistan və ermənipərəst dairələrin əsasən "facebook" sosial şəbəkəsi və "Telegram" kanalları üzərindən ölkəmizlə bağlı yalan və iftira xarakterli məlumatlar paylaşmasına rast gəlinib. Müxtəlif ölkələrdə yaşayan ermənilər şəxsi "Telegram" kanalları üzərindən Azərbaycana qarşı məkrli təbliğat aparıb, Dağlıq Qarabağdakı qondarma, iflasa uğramış marionet rejimi və qondarma "status" məsələsini qabartmağa çalışıblar".
Zamin Zeynalın sözlərinə görə, Azərbaycan tərəfi isə "Telegram" kanalında fəal iş apararaq müəyyən informasiya təhdidlərinin zərərsizləşdirilməsini təmin edib.
Qurum rəhbəri onu da xüsusi olaraq vurğulayıb ki, dünyada gedən informasiya müharibəsi fonunda Azərbaycanda vətəndaş cəmiyyəti İnstitutları bütün informasiya platformalarına hər an açıq olmalıdır:

"Nəzərə alsaq ki, dünyada Azərbaycanın artan nüfuzunu, Cənab Prezident İlham Əliyevin diplomatik müstəvidəki aparıcı mövqeyini və layiqli liderliyini gözü götürməyən qüvvələr ayrı-ayrı informasiya vasitələri ilə müxtəlif istiqamətlərdə olduğu kimi informasiya təhlükəsiziliyimizə də zərbə vurmağa cəhdlər edirlər. Daha yaxşı olar ki, vətəndaş məsuliyyətimizi dərk edərək informasiya cəmiyyətinin fədakar informasiya savaşçıları olaq. Bir sözlə, aidiyyəti üzrə dövlət qurumlarımıza ictimai dəstək verməklə ölkəmizə qarşı yönələn bütün informasiya təxribatlarının vaxtında qarşısını alaraq informasiya təhlükəsizlimizi birlikdə təmin edək".

Konfransında çıxış edənlər bildiriblər ki, informasiya müharibəsi yeni texnoloji vasitələrlə davam edir.
Tədbir iştirakçıları bildiriblər ki, 44 günlük Vətən müharibəsi dövründə müharibənin təkcə hərbi cəbhədə deyil, eyni zamanda siyasi - diplomatik müstəvidə, informasiya platformasında həyata keçirildiyinin şahidi olduq. Azərbaycan cəmiyyətinin əksər hissəsinin informasiya təhlükəsizliyinin qorunması, informasiyanın düzgün ötürülməsi və həqiqətlərin təbliği istiqamətində yetkinlik nümayiş etdirməsi təqdirəlayiq idi.
Çıxış edənlər onu da bildiriblər ki, milli vətənpərvər ruhda olan bütün sosial şəbəkə istifadəçiləri informasiya müharibəsində Azərbaycanın milli maraqlarını qorumağa xidmət etmək əzmində olmalıdırlar.