MƏDƏNİYYƏT

Minskdə "Azərbaycan döyüşçüləri - Belarus torpağının qəhrəmanları" kitabının təqdimatı

Kitabda Belarusun alman-faşist işğalçılarından azad edilməsində iştirak etmiş azərbaycanlı döyüşçülərin adları yer alıb. Onların adı yaradıcı kollektivin əməyi sayəsində bərpa olunub.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. Belarusun paytaxtı Minsk şəhərində "Azərbaycan döyüşçüləri - Belarus torpağının qəhrəmanları" adlı kitabının təqdimatı keçirilib. Burada Böyük Vətən Müharibəsi illərində Belarus torpaqlarının işğaldan azad edilməsində iştirak etmiş Azərbaycan əsgərlərindən bəhs edilir.
Təqdimat mərasiminə diplomatik korpusun, Belarus parlamentinin, dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələri, alim və yazıçılar iştirak ediblər.
Minskdə "Azərbaycan döyüşçüləri - Belarus torpağının qəhrəmanları" kitabının təqdimatı
Tədbirdə qeyd olunub ki, iki ölkənin xalqları Böyük Qələbə naminə əllərindən gələni əsirgəməyiblər: Böyük Vətən Müharibəsi illərində Azərbaycanın bir çox şəxsləri Belarusun azad edilməsi uğrunda mübarizə aparıblar.
Kitabda yaradıcı kollektivin, alimlərin, yazıçıların, tədqiqatları, o cümlədən Belarus və Azərbaycan arxivlərində aparılmış işlər sayəsində bərpa olunan Azərbaycan əsgərlərinin adları əks olunub.
Tədbirdə iştirak edən Azərbaycanın Belarusdakı səlahiyyətli səfiri Ülvi Baxşəliyev kitabın təqdimatının əhəmiyyətini vurğulayıb.

"Azərbaycan Belarusla münasibətləri strateji tərəfdaşlıq səviyyəsində qurur", - deyə diplomat bildirib.

O, kitabın Belarus-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə kömək edəcəyinə inandığını ifadə edib.
Belarus parlamentinin Nümayəndələr Palatası Şurasının (parlamentin aşağı palatası) beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Andrey Savinıx diqqətə çatdırıb ki, belaruslar öz torpaqlarının işğaldan azad edilməsində iştirak etmiş azərbaycanlı döyüşçüləri xatırlayırlar və onların xatirəsini həmişə müqəddəs tutacaqlar.
"Biz Belarusun alman-faşist işğalçılarından azad edilməsi uğrunda vuruşmuş yüzlərlə, minlərlə azərbaycanlı döyüşçü ilə fəxr edirik. Hitlerin işğalı ölkələrimizin və xalqlarımızın məhv edilməsi üçün ən dəhşətli təhlükə olub", - deyə Savinıx qeyd edib.
Tədbirdə kitabın müəllifləri onun nəşri üçün nə qədər böyük işlər görüldüyündən danışıblar.
"Adukatsıya i vıxavanne" nəşriyyatının direktoru Valentin Novoqrodski bildirib ki, layihənin həyata keçirilməsi təxminən iki il çəkib və bu, çox əziyyətli iş olub. Onun sözlərinə görə, hər il Böyük Vətən müharibəsi hadisələri bizdən daha da uzaqlaşır.

"Keçmiş SSRİ xalqları yalnız birlikdə qalib gələ biliblər. Azərbaycan xalqı qələbənin qazanılmasına, Belarusun azad edilməsinə əvəzsiz töhfə verib. Azərbaycan xalqının şanlı oğulları cəbhələrdə, partizan dəstələrində qələbəni yaxınlaşdırıblar. Kitab Azərbaycan xalqının bütün oğullarına xatirə və ehtiramdır. Belarus şəhərlərinin küçələri onların şərəfinə adlandırılır, xatirə lövhələri ucaldılır, məktəblilər isə tarix dərslərində Azərbaycan oğullarının qəhrəmanlıqlarını öyrənirlər", - deyə nəşriyyatın direktoru qeyd edib.

Öz növbəsində, tarix elmləri doktoru, Azərbaycan Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru Nurulla Əliyev qeyd edib ki, indi "Heç kim unudulmur, heç nə unudulmur" şüarı çox vaxt unudulur, bəzən tarixin real səhifələrinə yenidən baxılır.
"Təəssüf ki, bu belədir. Lakin bu gün biz bu hekayəni canlandırırıq, tarixi yaddaşımızı bərpa edirik. Aradan 77 il keçməsinə baxmayaraq, bu mövzu alimlərimizi, hərbi tarixçilərimizi və yazıçılarımızı narahat edir. Bugünkü təqdimat bunun bariz nümunəsidir. Azərbaycan döyüşçülərinin Belarusun müdafiəsinə verdiyi töhfələr ilk dəfə olaraq ümumiləşdirilmiş şəkildə təhlil edilib. Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutunun nümayəndələrinin işə peşəkarcasına yanaşması, nəşrə hələ geniş ictimaiyyətə təqdim olunmamış material və sənədlərin daxil edilməsi çox xoşdur", - deyə Əliyev bildirib.