DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MDB ölkələrinin XİN nümayəndələri qarşılıqlı dəstək haqqında razılığa gəliblər

Diplomatlar cari ilin dekabrında Lodzda keçirilməsi nəzərdə tutulan ATƏT Nazirlər Şurasının hazırlanması üzrə koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.
Sputnik
BAKI, 10 noyabr - Sputnik. Cümə axşamı keçirilən məsləhətləşmələr zamanı MDB ölkələrinin xarici işlər nazirliklərinin nümayəndələri ATƏT-dəki vəziyyəti müzakirə edib və təşkilatın gündəliyində duran aktual məsələlər üzrə mövqeləri qarşılıqlı dəstəkləməyə hazır olduqlarını təsdiqləyiblər. Bu barədə MDB İcraiyyə Komitəsinin saytında verilən məlumatda deyilir.
Qeyd olunur ki, noyabrın 10-da Birlik qərargahında MDB-yə üzv dövlətlərin ATƏT-də əməkdaşlığı, eləcə də Avropa İttifaqı, NATO və digər çoxtərəfli Avropa təşkilatları ilə qarşılıqlı fəaliyyətlə bağlı XİN-lərarası məsləhətləşmələr keçirilib.
Məsləhətləşmələrdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

“Görüşdə xarici işlər nazirliklərinin nümayəndələri ATƏT-dəki işlərin vəziyyəti ilə bağlı qiymət mübadiləsi aparıb və təşkilatın gündəliyində duran aktual məsələlər üzrə mövqeləri qarşılıqlı dəstəkləməyə hazır olduqlarını təsdiqləyib, ATƏT-in Birlik üzvü olan dövlətlərdə layihə və sahə fəaliyyətini müzakirə ediblər. Diplomatlar 2022-ci il dekabrın 1-2-də Lodzda ATƏT Nazirlər Şurasının hazırlanması üzrə koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər”, - məlumatda deyilir.

Onun sözlərinə görə, məsləhətləşmələrdə Avropa İttifaqının MDB məkanında siyasəti və Birlik ölkələri ilə NATO arasında münasibətlərin vəziyyəti də nəzərdən keçirilib.