BAKI, 9 noyabr — Sputnik. Enerjinin baha olduğu ölkələrdə daha çox alternativ enerjidən - Günəş panellərindən istifadə edilir. İsti və soyuq aylarda kondisionerdən istifadə olunur. Qış aylarında həmçinin kombidən istifadə orta əmək haqqı ilə yaşayan ailənin büdcəsinə mənfi təsir edir. Bu vəziyyət həm də ekologiyaya mənfi təsir edir. Təkcə Bakıda 2 minədək çoxmənzilli yeni yaşayış binası var. Minlərlə 5-9 mərtəbəli çoxmənzilli yaşayış binaları, yüz minlərlə həyət evləri var və əksər vətəndaşlar kombi aparatlarını quraşdırırlar.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib. O qeyd edir ki, binaların fasadına soyuqdan, istidən qorumaq üçün panellərin vurulmasının da müəyyən qədər effektivliyi var: "Lakin unutmaq olmaz ki, Bakı çox küləkli şəhərdir".
Ekspertin sözlərinı görə istilik tənzimləməsi olan binalar tikmək çox da sərfəli deyil.
Daşınmaz əmlak üzrə digər ekspert Elnur Azadov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, noyabrın 15-dən aprelin 15-dək təxminən 6 aylıq müddət soyuq aylara təsadüf edir, bu zaman istiliyə, enerjiyə tələbat artır: "Bu səbəbdən də xüsusən də qış aylarında enerji qənaətinə böyük ehtiyac yaranır. İstilik təchizatında 80-90 faiz olmaqla qazdan istifadə edirik. Yay mövsümündə binaların soyutma qabiliyyəti ilə bağlı nəsə etmək bu daha çətindir. Düşünürəm ki, hər hansı belə bir üsulu - binaların soyutmaq qabiliyyətini yaratmaq üçün nələrinsə edilməsi, bunun tətbiqi çox çətindir. Çünki bu zaman itki daha çox olur. Bir binanı tamamilə izolyasiya etmək olduqca baha başa gəlir".
"Belə olan halda tikinti şirkəti də çox xərc çəkəcək, bu təkcə tikinti şirkətinə deyil, həmçinin də vətəndaşlara baha başa gələcək", - deyə o əlavə edib.
Livanın Enerjiyə Qənaət və Ətraf Mühitin Mühafizəsi Assosiasiyasının binalarda enerji səmərəliliyi üzrə baş eksperti, həmçinin Aİ tərəfindən Azərbaycanda enerji səmərəliliyi layihəsi üzərində işləmək üçün dəvət olunmuş ekspert Adel Murtada Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda enerji istehlakının tənzimlənməsinin qiymətləndirilməsinə ehtiyac var: "Biz hazırda bunun üzərində işləyirik. Bu gün Azərbaycanda diqqət əsasən istilik mövsümünə yönəlib, lakin ölkədə ən çox elektrik enerjisi istehlakı yay aylarında olur. Bu baxımdan, binaların soyutma sistemlərinin inkişaf etdirilməsi zəruridir. Həmçinin, günəş şüalarından qorunma texnologiyası uğurla tətbiq oluna bilər".
Onun sözlərinə görə, Azərbaycanın kommersiya və mənzil sektorunda enerjiyə qənaət potensialı 50-60 faiz arasındadır.
"Gələcəkdə istilik tənzimləməsi olan binalar tikmək lazımdır, eyni zamanda, mövcud binalar müvafiq qaydada abadlaşdırılmalıdır", - o əlavə edib.