TƏHSİL

Sənədsiz uşaqlar - Onlar təhsildən kənarda qalır

Kəmalə Ağazadə deyir ki, təhsildən yayınan uşaqlar nəticə etibarı ilə gələcəkdə dövlətə, cəmiyyətə zərər vuracaq.
Sputnik
BAKI, 9 noyabr - Sputnik. Sənədi olmayan uşaqlar təhsildən kənarda qalırlar. Belə uşaqların təhsildən kənarda qalması ciddi problemdir. Lakin uşağın təhsildən kənarda qalmaması üçün paralel işlər aparılmalıdır. Yəni, ilk növbədə bu uşağın yerləşdirilmə aktı aşkarlanır ki, uşaq bu yaşdadır. Bu akta əsasən uşaq fərdi şəkildə təhsilə cəlb olunmalıdır ki o təhsildən geridə qalmasın. Çünki bu ilk belə hadisə deyil.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə deyib.
K.Ağazadə deyir ki, təhsildən yayınan uşaqlar nəticə etibarı ilə gələcəkdə dövlətə, cəmiyyətə zərər vuracaq: "Statistikaya da baxdıqda görürük ki, cinayət törədənlərin böyük hissəsi təhsilsiz, təhsili zəif olanlardır. Bir neçə il əvvəl BMT-nin Qaçqınların Ali Komissarlığının bir himayə mandatı var idi. 90-cı illərdə formalaşan bu mandata görə şəxsiyyəti müəyyən olunmayan, vətəndaşlığı olmayan və ölkə daxilində yaşayan şəxsə himayə mandatı verilirdi. Belə olan halda həmin uşaqlar müvafiq bazaya salınaraq məktəbə göndərilirdi. Bu uşaqlaırn arasında 9 illik təhsili biitrdikdən sonra universitetə, kollecə qəbul olunanlar da var idi. Lakin sonrakı illərdə bu təcrübəni dayandırdılar".
"Qurumlararası əlaqələrin zəif olması ən ciddi problemlərdən biridir", - deyə o əlavə edib.
Onun sözlərinə görə, hazırda sığınacaq sakini olan uşaqlardan birinin 5 yaşı tamam olacaq, lakin hələ də onun doğum faktı təsdiqini tapmır: "Bu gün sığınacağımızda 11 körpə var. Onların sənədi olmadığından nə dövlət müəssisəsinə, nə də məktəbəqədər təhsilə cəlb edə bilmirəm".
"Cari ildə də belə uşaqlarla bağlı müraciətlərimiz olub. Nazilriyin ictimai şurasının üzvləri də bu məsələ ilə maraqlandı. Mən artıq nə edə bilərəm? Bu uşaqlar məktəbdə dinləyici ola bilməzlər. Onlar dinləyici olduğu halda hansı motivasiya ala biləcəklər? Bizim Xatirə adlı belə bir uşağımız vardı, dinləyici oldu və o uşaq oxumaq istəmədi, dedi ki, onsuz da orada məni kimsə dindirmir", - deyə K.Ağazadə əlavə edib.
Birlik sədri bildirir ki, bu vaxtadək sığınacaqdan olan belə uşaqlar təhsilə bərpa olunmayıb: "Hazırda sığınacaqdakı 7 uşaq təhsildən kənar qalıb. Onlardan tamamilə sənədsiz olanların sayı 4-dür. Onlardan ən kiçiyinin 11, ən böyüyünün isə 15 yaşı var. Bu uşaqlar bundan sonra ancaq fərdi təhsil ala bilərlər. Çünki elə bir yaşdadırlar ki onlar daha aşağı yaşda olan şagirdlərlə təhsil ala bilməyəcəklər".
Təklif nədir?
Kəmalə Ağazadə bildirir ki, bu cür nüansları nəzərə alaraq Elm və Təhsil Nazirliyinin müvafiq saytında XXX adlı bir pəncərə yaratmaq lazımdır: "Bu pəncərəni yaratmaq onlaırn öz əllərindədir. Belə pəncərəni yaratdıqdan sonra XXX dediyimiz bu uşaqlar həm zamanında bağçaya, həm məktəbəqədər təhsilə, həm də məktəbə gedə biləcəklər. Sənədləri olduqdan sonra bu XXX olan hissələr ad, soyad və ata adı ilə əvəzlənəcək".
"Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə deyir ki, belə uşaqların sənədlərinin alınması ilə bağlı müəyyən addımlar atılır: "Məktəbə yerdəyişmə ilə əlaqədar sistem bağlı olduqda da biz şəxsən müraciət edərək onların təhsil məsələsini həll edirik. Hazırda sığınacaq sahibi olan 22 uşaq təhsil alır. İl ərzində nə qədər təhsildən kənarda qalan uşaq olub ki, onların təhsilini bərpa edə bilmişik".
"Uşağın sənədi bərpa olunduqda yaşı uyğun olduqda o məktəbə qəbul olunur", - deyə o əlavə edib.
Mehriban Zeynalova təklif edir ki, məktəblilərin yerdəyişməsi ilə bağlı mövcud sistemin bağlanması bu cür uşaqların təhsilində müəyyən qədər də olsa yubanmaya səbəb olur. O təklif edir ki, belə uşaqlara görə, sistemdə açıq pəncərə də yaratmaq gözəl olardı ki, onlar müraciətlərini zamanında edə bilsinlər: "Təhsillə bağlı elə bir ciddi problemimiz olmayıb. Müraciət etdikdə də 4-5 gün ərzində sorğumuz cavablandırılıb".
Elm və Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, vacib sənədləri olmayan uşaqların təhsilə cəlb edilməsi, aidiyyəti üzrə digər orqanlar tərəfindən sənədlə təmin olunduğu təqdirdə aparılır: "Bu uşaqların sənədlə təmin olunması ilə bağlı aidiyyəti üzrə orqanlara müraciət edilməlidir. Aidiyyəti üzrə müvafiq orqanlar tərəfindən uşaqların sənədləri təqdim olunduğu təqdirdə Elm və Təhsil Nazirliyi tərəfindən onların təhsilə cəlb olunması həyata keçirilir. Uşaqların təhsilə cəlb olunması üçün onların elektron sistemdə qeydiyyatı aparılmalıdır. Uşağın şəxsiyyətini təsdiq edən müvafiq sənəd olmadığı təqdirdə təhsilə hansı formada və hansı sinfə cəlb olunması müəyyən edilə bilmir".
Qeyd edək ki, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən suallarımızın müəyyən hissələri cavablandırılsa da, bəzi suallarımız cavabsız qaldı.