TƏHSİL

Bakı kəndlərində məktəbi 3-cü sinifdən tərk edən qızlar var

İlqar Orucov: “Bu cür halları həm hüquq mühafizə orqanları, həm də Elm və Təhsil Nazirliyi ciddi araşdırmalıdır”
Sputnik
BAKI, 9 noyabr - Sputnik. Abşeron rayonu Hökməli qəsəbəsində 16 yaşlı qızın nişanlısı tərəfindən öldürülməsi hələ də qızlar arasında erkən nikah faktlarının olduğunu, onların təhsildən kənar qaldığını təsdiqləyir. Bakı kəndlərində erkən nikah hallarının olduğu, qızların təhsildən uzaqlaşdırıldığı rəsmi qurumların da hesabatlarında öz əksini tapıb. Abşeron rayonu Hökməli qəsəbəsi üzrə icra nümayəndəsi Mirəziz Mirhadıyev mətbuata açıqlamasında bildirib ki,qətlə yetirilən qız təhsildən yayındırılıb. İcra nümayəndəsi qəsəbədə qızların təhsildən yayındırılması ilə bağlı dəfələrlə aidiyyəti üzrə qurumlara müraciət etdiyini vurğulayıb:
“Biz məktəblə bağlı dəfələrlə Elm və Təhsil Nazirliyinə müraciət etmişik. Mən bir ilə yaxındır Hökməlidə işləyirəm. Direktorla, kənd camaatı ilə danışmışıq. Qız uşaqlarını məktəbə buraxmırlar. Eləsi var qızını 3-cü sinifdən məktəbdən çıxarıb. Eləsi var uşağını özü qoymur, eləsi var, istəyir, uşağı oxusun. Lakin görür ki, bir sinifdə cəmi bir qız var. O da məcbur olur, qızını məktəbə buraxmır. Bununla bağlı dəfələrlə şifahi və yazılı şəkildə müraciət olunub. Hələ ki, baxılır, araşdırılır”.
Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, həmin məktəblə bağlı rəsmi şəkildə quruma heç bir müraciət daxil olmayıb. Hökməli qəsəbə tam orta məktəbin direktoru İsmayıl Bəndəliyev qəsəbə icra nümayəndəsinin dediklərini təkzib edir. Bildirir ki, rəhbərlik etdiyi məktəbdə kifayət qədər sayda qız təhsil alır. “Qızlar yuxarı siniflərdə də məktəbə gəlirlər”, - deyən İ.Bəndəliyev 3-cü sinifdən qızların məktəbdən çıxarılması fikrini düzgün saymır.
Təhsil üzrə ekspert, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, belə faktlar çox ciddi şəkildə araşdırılmalıdır:
“Bu məsələni həm hüquq mühafizə orqanları, həm də Elm və Təhsil Nazirliyi ciddi araşdırmalıdır. Buna adekvat addımlar atmalıdır. Azərbaycanda təhsil icbaridir. Hansısa valideyn uşağını məktəbdən 3-cü sinifdən çıxardırsa, Konstitusiyanı kobud şəkildə pozur. Çünki, bu uşaqların Konstitusiyamızla təsdiq edilmiş hüququdur. Azərbacanda qızların təhsildən yayındırılması hüquqi qiymətini almalıdır”.
Ответственный секретарь Общественного совета при министерстве образования Ильгар Оруджев
İ.Orucovun fikrincə, bunun qarşısını almaq üçün həmçinin ciddi maarifləndirmə işləri aparılmaldır. Qızlara məktəblərdə davamlı təhsilin onların həyatında əhəmiyyəti, gələcəkdə rolu başa salınmalıdır. Eyni zamanda valideynlər bu barədə bilgiləndirilməlidirlər. Çünki, ən effektiv yol maarifləndirmədir. Bu nəticə vermədikdə, hüquqi müstəvidə məsələ həllini tapmalıdır.
Ekspert hesab edir ki, belə hallarla mübarizədə cəmiyyətin də rolu böyükdür. Qızını təhsildən yayındıran valideynlərə ictimai qınaq olmalıdır. Belə məktəblər müəyyən edilərək orada maarifləndirmə işləri daha intensiv aparılmalıdır. Həmçinin sahə müvəkkilləri bu prosesə cəlb edilməlidir”.
İ.Orucov söyləyir ki, məktəb rəhbərliyi də belə faktları aidiyyatı qurumların diqqətinə çatdırmalı, onu ört-basdır etməməlidir.
“Məktəbdən, təhsildən uzaqlaşdırılan heç bir şagirdin taleyinə biganə yanaşmaq olmaz. Əgər burada məcburetmə, erkən nikaha cəlbetmə varsa, məsuliyyət daha da böyüyür. Bu zaman həm uşağın təhsildən yayındırılmasına, həmçinin erkən nikaha cəlb edilməsinə görə cinayət işi başlanılmalıdır”, - deyə ETN yanında İctimai Şuranın məsul katibi bildirib.
İ.Orucov hesab edir ki, qızların davamlı təhsili onları işıqlı gələcəyə aparan yoldur. Qız uşaqlarına şərait yaradılmalıdır ki, onlar bu yolda parlasınlar:
“Təhsil müəssisələrində qızlara davamlı təhsilin vacibliyini izah edən, onlarda liderlik qabiliyyətinin formalaşdırılmasına yönəlik təlimlərin aparılması şərtdir. Bu zaman qız uşaqları erkən evliliyə qarşı etiraz edərək valideynlərini bu yoldan çəkindirməyə müəssər ola bilərlər”.
Qeyd edək ki, erkən nikahların əksər hallarda uğursuz olduğuna dair cəmiyyətdə çoxsaylı nümunələr var. Son vaxtlar isə erkən nikahlar qızların həyatı baxımdan təhlükəyə çevrilib. Elə Hökməlidə baş verən cinayət hadisəsi də buna misaldır.
Xatırladaq ki, 2006-cı il təvəllüdlü qız öz nişanlısı, 1996-ci il təvəllüdlü Həsənov Murad İlham oğlu tərəfindən öldürülüb. İlkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib. Qətlin təfərrüatları, qızın məktəbli yaşında olması da təhsillə bağlı bəzi problemləri gündəmə gətirib. Bu, cəmiyyətdə baş verən ilk hadisə deyil.
Bu günlərdə Sabirabad rayonunda erkən nikah faktı aşkarlanıb. Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı M. A Zal Qarağac kənd sakini Cavadov Allahverdi Əvəzağa oğluna ərə verilib. Toy şənliyi oktyabrın 22-də Şirvan şəhərindəki şadlıq sarayında baş tutub.
Bundan əlavə, 5 oktyabr tarixində də Qarağac kəndində toy olub. 2006-cı il təvəllüdlü O. G-ə Şirvan şəhərindəki şadlıq saraylarından birində toy mərasimi keçirildiyi bildirilir. Onun Şirvan sakini, 1996-cı il Cəfərov Təbriz Abuzər oğlu ilə toyunun keçirildiyi iddia olunsa da, yeniyetmənin atası qızına nişan mərasiminin keçirildiyini bildirib.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 16 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Minbaşı kənd ərazi üzrə nümayəndəsi Zaur Dəmirov toyu olan qızın 19 yaşına keçdiyini, toyundan bir həftə öncə polislə birlikdə toyu olacaq qızın ailəsinə xəbərdarlıq etdiyini deyib:
"Qız 2005-ci il təvəllüdlüdür. Bizə sənədlərini gətirdilər, hətta ailəsi bizə dedi ki, qızın doğum haqqında şəhadətnaməsini bir il gec yazıblar. Hələlik qız toyu ediblər, oğlan toyu etməyəcəklər, gözləyəcəklər". Beləliklə, qızın ailəsinin onları aldatdığını deyən kənd nümayəndəsi oğlan başqa kənddə yaşadığı üçün baş tutan toya müdaxilə edə bilmədiyini deyib:
"Oğlan toyu Zal Qarağacda olub deyə biz nəsə edə bilmədik, yoxsa buna icazə verməzdik. Qızın ana-atası dedi ki, camaat 15- 16 yaşında ərə gedir. Bizim qız 18 yaşına keçib də, burada nə problem var?”
Ekspertlər qız uşaqlarının təhsildən ayrılaraq erkən yaşda ailə həyatı qurmasına görə valideynləri günahlandırırlar. Hesab edirlər ki, qızlar özləri erkən evliliyə can atsalar belə, valideynlər onları tərbiyəvi söhbətlərə cəlb etməli, yollarından döndərməlidirlər. Çünki həddi-buluğa çatmayan qızların verdiyi qərarlar doğru hesab edilə bilməz və bu qərarlara görə məsuliyyəti valideynlər daşımalıdır.
Qeyd: Bu məqalə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği” layihəsi çərçivəsində yazılıb.