CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Arzusu bütün Qarabağı azad etmək idi...

Vətənin azadlığı uğrunda canından keçən şəhid İsmət Qurbanovla indi təkcə ailəsi deyil, hər kəs fəxr edir.
Sputnik
BAKI, 9 noyabr — Sputnik. Döyüş yolu Murovdağdan başlayan, Cəbrayıl və Füzuli rayonlarının düşmən işğalından azad edilməsində iştirak edən qəhrəmanlardan biri də İsmət Qurbanovdur. Könüllü döyüşlərə qatılan İsmətin göstərdiyi igidliklər bu gün də qazi döyüş yoldaşlarının xatirələrində yaşayır.
Atası Firuz Qurbanov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində İsmətin övladları arasında vətənpərvərliyi ilə seçildiyni, elə buna görə də haqq savaşı başlayanda döyüşlərə könüllü qatıldığını deyib:
Şəhidin atası Firuz Qurbanov
“Onun arzusu o idi ki, biz tezliklə Şuşada bayrağımızı qaldıraq, Qarabağ torpağını işğaldan azad edək. Lakin o anı görmək ona qismət olmadı. Oktyabrın 25-də Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid oldu. Rayonun tam azad olunmasınadək vuruşlarda olub”.
Vətənin azadlığı uğrunda canından keçən şəhid İsmət Qurbanovla indi təkcə ailəsi deyil, hər kəs fəxr edir. Döyüş yoldaşı Elxan Babayev Vətən müharibəsində İsmətin də, digər əsgərlərin də yüksək əhval-ruhiyyədə olduğunu söyləyib. O, İsmətin Füzulinin Seyidəhmədli kəndində gedən döyüşlər zamanı şəhidliyə ucaldığını bildirib.
Şəhid İsmət Qurbanovun fotosu
“Füzuli istiqamətində biz 13 gün ərzində döyüşdük. İsmət orada çox igidliklər göstərdi. Düzdür, o istiqamətdə bizim şəhidimiz çox oldu. Lakin bir addım da geri çəkilmək barədə fikirləşmirdik. Bütün itkilərə baxmayaraq, ermənilərin öydükləri, keçilməz dedikləri sədlərini ordumuz, iki gün çəkmədi, geridə qoydu”, - deyə döyüş xatirələrini bölüşüb.
Əsgər İsmət Qurbanov atıcı olaraq döyüşlərdə iştirak edib. Elxan hələ də İsmətin nahar yeməyi zamanı yaranan fasilədə dediklərini unuda bilmədiyini söyləyib:
Şəhid İsmət Qurbanovun döyüş yoldaşı Elxan Babayev
“Arzusu bütün Qarabağı azad etmək idi. Buna ürəkdən inanırdı. Nahar edərkən dedi, ürəyimə damıb ki, biz Şuşanı da azad edəcəyik. Düzdür, bizim çoxumuz şəhid olacaq. Onlardan biri də mən olacam. Sanki ürəyinə dammışdı. Qismət olmadı İsmətə gedib Şuşanın, Xocavəndin gözəlliklərini görmək. Onlar bizə qismət oldu. İsmət Füzuliyə qədər bizlə irəlilədi, oradan o yana biz getdik. Onun qanını yerdə qoymadıq”.
Şəhid İsmət Qurbanovun fotoları və şəxsi əşyaları
Bu gün qəhərəmanımızın xatirəsini ailəsi, yaxınları ilə birgə hər birimiz ehtiramla anırıq. Vətən torpaqlarının azadlığı uğrunda şəhadətə ucalan İsmət Şəmkir rayonunda dəfn olunub. "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.