DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə Zəfər Günü: hər yerdə Azərbaycan bayraqları dalğalanıb

Qarabağ zəfərinin ikinci ildönümündə İstanbul körpüsü və Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb, universitetlərdə bayram tədbirləri keçirilib.
Sputnik
BAKI, 8 noyabr - Sputnik. Azərbaycanın Zəfər Günü ilə bağlı İstanbul körpüsü, Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu öz “Twitter“ səhifəsində paylaşım edib.
“Qarabağ zəfərinin ikinci ildönümündə İstanbul körpüsü və Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı”,- deyə paylaşımda qeyd olunub.
Türkiyədə Zəfər bayramı
44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin ikinci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki Səfirliyi, Qazi Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Şuşa Bizimdir”, “Qarabağ Bizimdir”, “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib.
Qazi Universitetində təşkil olunan tədbir şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin dövlət himnləri ilə başlayıb.
Tədbirdə çıxış edən Qazi Universiteti rektoru Musa Yıldız Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda dağıntının miqyasına toxunub, zəfərin qazanılması ilə bu torpaqların bərpa olunmasına başlandığını, burada Azərbaycan və Türkiyənin çiyin - çiyinə çalışdığını vurğulayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov zəfərin qazanılmasında Türkiyənin Azərbaycana göstərdiyi qətiyyətli mənəvi-siyasi dəstəyi qeyd edib.
Ankara Universitetinin rektoru Nəcdət Ünüvar Türkiyə - Azərbaycan qardaşlığından danışıb, Türkiyə cəmiyyətində Azərbaycana olan xüsusi sevgini qeyd edib.
Bildirib ki, bu zamana qədər olduğu kimi, bundan sonra da Türkiyə Azərbaycanla bərabər olacaqdır.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Vətən müharibəsində qazanılmış zəfərin mənəvi mahiyyətinə toxunub. Səfir qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı bu zəfərlə qürur duyur.
Azərbaycan səfiri mədəniyyət paytaxtı olan Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb, Azərbaycan və Türkiyə arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldıran “Şuşa Bəyannaməsi”nin məhz bu şəhərdə imzalanmasının önəmini vurğulayıb.
Qazi Universiteti Türk Dünyası Araşdırma Mərkəzinin müdiri Alev Çakmakoğlu Kuru “Türk dünyasının mədəniyyət paytaxtı Şuşada işğal izləri” adlı məruzə ilə çıxış edərək, işğal dövründə Ermənistan tərəfindən burada türk izlərinin silinməsi üçün aparılan sistematik işlərdən bəhs edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Eldar Aslanov Vətən müharibəsi və nəticələri mövzusunda məruzə ilə çıxış edib və münaqişənin həlli üçün göstərilən səylərdən danışıb. Azərbaycana qarşı yönəldilən qərəzli ittihamlara baxmayaraq, ölkəmizin 30 illik işğala son qoyduğunu ifadə edib.
Çıxışlardan sonra təltifnamələr təqdim edilib. Tədbirin sonunda iştirakçılar Mahirə Hüseynovanın şeirlərinin əks olunduğu “Qarabağ Zəfəri” fotosərgisi ilə tanış olub.
Zəfər tədbiri Xocalı soyqırımı və Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş lövhənin yerləşdirilməsi ilə başa çatmışdır.