BAKI, 8 noyabr - Sputnik. Ruslar əmin olmalıdırlar ki, Rusiya dövləti bütün mövcud çətinliklərə və çağırışlara baxmayaraq, gələcək illər üçün də ailələrə və uşaqlara dəstək zəmanəti verir. Bu iş qurulacaq, artacaq və təkmilləşəcək.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin uşaqlı ailələrə dəstək mövzusunda keçirilən iclasda dövlətin məqsədlərindən danışarkən deyib.
"Rusiya ailələri, yetkinlik yaşına yenicə qədəm qoyan gənclər - oğlanlar, qızlar əmin olmalıdırlar ki, bizim ailələrə dəstək tədbirlərimiz, atalıq, analıq, uşaqlıq dövrü boyunca təmin edilir. Nə olursa olsun. Biz bunu edəcəyik, yalnız dəstəyimizi quracağıq, artıracağıq, təkmilləşdirəcəyik. Bütün mövcud çətinliklərə və çağırışlara baxmayaraq, biz bunu daim edəcəyik. Söhbət Rusiyanın gələcəyindən gedir və bunu çox yaxşı başa düşürük”, - Putin bildirib.
Vladimir Putin sosial məsələlərlə bağlı müşavirədə bildirib ki, Rusiyada "Analıq kapitalı proqramı" 2026-cı ilin sonuna qədər uzadılıb.
"Hər il bir milyona yaxın ailə analıq kapitalı alır. Bu proqramın özü 2026-cı ilin sonuna kimi uzadılıb", - deyə dövlət başçısı bildirib.
Putin xatırladıb ki, 2020-ci ildə hakimiyyət analıq kapitalı alanların dairəsini genişləndirib - indi ilk uşağın doğulduğu ailələrin buna hüququ var.
Gələn il birinci uşaq üçün dəstək məbləği 590 min rubl, ikinci uşaq üçün isə demək olar ki, 780 min olacaq.