CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tıxac və radio DJ-lərinin yaratdığı süni gərginlik insanların əsəblərini tarıma çəkir

96 il öncə yaranan radiomuzun bugünki vəziyyəti ilə bağlı bu sahənin mütəxəssiləri ilə həmsöhbət olduq. Məlum oldu ki, bu gün radioların vəziyyəti heç də ürəkaçan deyil.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə 6 noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanıb. Həmin gündən ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan eşidilən qeybdən gələn səs insanları özünə bağlayıb. Bu Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bəs görəsən, 96 il öncə yaranan radiomuzun bugünki vəziyyəti necədir?
AzTV-nin Televiziya və Radio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri Almaz Mahmud ölkədə yayımlanan radioların vəziyyəti barədə danışarkən bildirir ki, mediada trendlər dəyişir, rəqəmsallaşma baş verir. Amma radio yenə də gərəkli olaraq qalır və yeniliklərə cavab verir, fərqliliklər ortaya qoyur:
"Əvvəllər radioyaya bir dəfə qulaq asırdıq və ikinci dəfə qulaq asmaq mümkünsüz idi. Əgər radioda həmin verilişi təkrar yayımlasaydılar, bir də onda qulaq asmaq şansımız olardı. Amma bu gün podkastlar vasitəsilə istədiyimiz verilişə, xəbərə neçə dəfə istəsək qulaq asa bilərik".
A. Mahmud qeyd edir ki, geniş əhatə dairəsi və dərhal çatdırması ilə radio daşınmaz media tipi kimi güclü bir vasitə olduğunu sübut edir. Radio verilişləri fövqəladə vəziyyətlərdə də mühüm rabitə vasitəsidir: "Sözsüz ki, sosial media televiziyalara təsir etdiyi kimi, radio proqramlarına da öz təsirini göstərib. Auditoriyanın çoxu məhz sosial mediadadır. Amma bu gün TV-lər kimi radiolar da sosial medianın imkanlarından istifadə edir və öz məhsullarını yayımlayırlar".
Peşəkar jurnalist hesab edir ki, Azərbaycanda bu gün radiolar dinlənilir və kifayət qədər auditoriyası var. İnsanlar daha çox yollarda, maşında radioya qulaq asırlar: "Radio dinləmələrin ən pik nöqtəsi səhərlər və bir də insanlar işdən çıxan vaxtlara axşam saat 17:00-19:00 radələrinə təsadüf edir. Peşəkar aparıcılar, DJ-lər gündəmi tutaraq maraqlı mövzular, materiallar təqdim edirlər. Problem və çatışmazlıqlarla yanaşı yeniliklər də az deyil. İnteraktivlik isə radioda digər medialara nisbətən daha yüksək səviyyədədir".
"Radio aparıcılarının diksiyasi sizi qane edirmi?" sualına Almaz xanımın cavabı belə olub: "İntellektual səviyyəli, savadlı, ana dilində gözəl danışan aparıcılarımız heç də az deyil. Amma bununla yanaşı, nitqi zəif olan və efirdə vülqar sözlərdən istifadə edən aparıcılarımız da var. Diksiya radioda hiss olunan qədər TV-də hiss olunmur, çünki ancaq diqqət eşitməyə yönəldiyindən ən kiçik qüsurlu söz , tələffüz belə diqqəti tez cəlb edir".
Almaz Mahmud
Mütəxəssis vurğulayır ki, özəl radiolarda problemlər daha çoxdur. Bəzən aparıcılar efiri küçə danışığı ilə qarışıq salırlar. Bu danışıqlar , fikirlər insanların həyat tərzinə, davranışına çox təsir edir. Efirə ləhcə gətirmək olmaz: "BBC, VOA , Radio Liberty-də biz ləhcə ilə danışan aparıcılar, reportyorlar görmüşük, bu, onların proqram siyasətidir. Və heç vaxt ingilis dili bu ləhcələrə görə ölməyəcək. Amma Azərbaycan dilinin məhv olma ehtimalı daha çoxdur. Dünyanın yarıdan çoxu onsuz da ingilis dilində danışır, amma Azərbaycan dilində gəlin baxaq görək nə qədər insan danışır? Ona görə də bu dili daha çox efirlərdə olan aparıcılar, jurnalistlər qorumalıdır, çünki onları minlərlə insan dinləyir".
Aktyor, qiraətçi Kamal Yaşar bir müddət öncə Space 104 FM-də "Şeir mənim üçün" adlı layidə aparıcı olub. Veriliş maarifləndirci xarakter daşıyırdı. Qısa müddət ərzində dinləyicilərin marağına səbəb olan veriliş bir müddət sonra bağlandı. Aktyor bu fonda radioların vəziyyətinin acınacaqlı olduğunu dilə gətirib:
"Mənim radio məkanında müxtəlif zamanlarda bu cür maarifləndirici layihələrim olub. İllər öncə "Canlı kitab", eləcə də ötən mövsümdə yayımlanan "Şeir mənim üçün" layihələri geniş populyarlıq qazanmışdı. Paralel olaraq teleefir məkanında da bənzər layihələrə imza atmışam. Bu, bir incəsənət adamı və aydın, mədəni, zövqlü cəmiyyət görmək istəyən bir vətəndaş kimi mənim mənəvi öhdəliyimdir. Radioların vəziyyəti elə də ürəkaçan deyil. El deyimi ilə ifadə etsək, radiolar çörəyə işləyir. Yəni, radioməkanda hər hansı xüsusi mənəvi-ideooji prioritetləri olan bir radiostansiya mövcud deyil. Əlbəttə, müəyyən fərqlərlə bir-birindən ayrılırlar, bu, öz yerində".
Kamal Yaşar, mədəniyyət müxbiri
Maarifləndirici layihələr həyata keçirən K.Yaşar maliyyə problemlərinə görə verilişlərin bağlandığını söyləyir. Onun sözlərinə görə, sponsorlar maariflənidirici verilişlərə maraqlı deyillər:
"Bir müstəqil qurum kimi radioların işləmə prinsipini mühakimə edə bilmərik. Çünki, ortada müəyyən xərclər, öhdəliklər var. Amma hər bir halda hamımızın bilib gördüyü budur ki, vəziyyət elə də ürəkaçan deyil. Hərçənd, ötən mövsümdə də sponsor gözləntisində idik, amma verilişin efirə getdiyi yarım il müddətində bizim xərclərimizi radio rəhbərliyi özü qarşılmışdı. Bu mövsüm isə sponsor gözləntisində mövsümün ilk ayını gözlədik, sonra isə artıq ehtimalın olmadığını görüb radioyla sağollaşdıq. Bu, bizim reallığımızdır və bununla məcburən üzləşməliyik".
"Sponsorların niyə belə etdiyi də yəqin ki, yenə də onların təmsil etdikləri şirkətlərin strategiyasına əsaslanır. Zamanla bəzi sosial layihələrə dəstək olan şirkətlər də olub. Məsələn, "Canlı kitab" layihəsinə "NAR" sponsorluq edirdi. "Xalq Bank" da bir zamanlar bəzi sosial layihələrə dəstək verib. Amma təəssüf ki, belə nümunələr barmaq sayı qədərdir və bəzən də heç yoxdur. Amma hər bir halda ümid edək ki, bir gün bu vəziyyət təkcə bizi narahat etməyəcək" - deyə K.Yaşar fikrini tamamladı.
Rejissor Elçin Elxanlı radionun bugünki vəziyyətindən danışarkən aparıcların nitqlərində xeyli problem olduğunu bildirib. Uzun müddətdir ki, televiziya sahəsində çalışan rejissor radio rəhbərlərinə və aparıclılarına keçmiş radio diktorlarımızı dinləməyə çağırdı:
"Radio aparıcıları bəzən səslərini dəyişərək danışırlar. Onlar elə hesab edirlər ki, belə daha "cool" alınır. Amma bu danışıq tərzi insanları gərginləşdirir, əsəblərinə təsir edir. Nəzərə almalıdırlar ki, onları daha çox sürücülər dinləyir. Bakının tıxaclarının içində bir də onların süni yaratdığı gərginlik insanı özündən çıxarır. İki cümlə söz deyəcəklər, onu iki saat uzadırlar. Dinləyicilər onlardan aldığı informasiyaya nifrət edirlər. Əgər onların natiqlik qabiliyyətləri yoxdursa, heç olmasa, deyəcəkləri sözləri bir kağıza yazsınlar, kağızdan oxusunlar. Mən radio rəhbərlərinə səslənirəm: Siz nə vaxtsa rəhbəri olduğunuz radionu dinləyirsiniz? Sizə bu xoşdur? Amma bizə xoş deyil".