CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladını təhsildən yayındıran valideynlərlə bağlı cəzalar sərtləşdirilməlidir!

Mehriban Zeynalova: “ Əgər qız uşaqlarına məktəb dövründə davamlı təhsil barədə məlumat verilsə, onlar təhsilin onların həyatında rolunu anlayacaqlar. Nəticədə erkən nikahlar və qadına qarşı zorakılıq azalacaq”
Sputnik
BAKI, 5 noyabr - Sputnik. Leyla Məmmədova (adı şərtidir) Bakının Səbail rayon sakinidir. O, bir neçə gündür, evdən qaçaraq “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına sığınıb. Səbəbi ailəsinin onu təhsildən uzaqlaşdırmasıdır. Ürəyi təhsil almaq eşqi ilə döyünən Leyla 15 yaşında məktəbdən uzaq düşüb. Onun sözlərinə görə, ailəsi onu 9-cu sinifdən çıxardıb. Məqsədləri tez ərə verməkdir. 15 yaşlı həmsöhbətimiz deyir ki, atası və anası ona qarşı eyni firkirdədirlər. Hətta Leyla oxumaq istədiyi üçün ona fiziki şiddət də göstəriblər. Ona görə də o çıxış yolunu evdən qaçaraq sığınacağa sığınmaqda görüb.
Leyla kimi bu sığınacaqda təhsili yarımçıq qalan bir neçə qız var. Onların arasında artıq erkən nikaha cəlb edilənlər də mövcuddur. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hər il sığınacağa təhsildən uzaqlaşdırılan onlarla qızın müraciət etdiyini söyləyir. Leyla isə sığınacağın ən gənc sakinidir. Həmsöhbətimiz deyir ki, qızların davamlı təhsil alması vacib olsa da, bəzən onlar valideynlərinin təkidi ilə məktəbdən çıxarılırlar:
“Bizim 15 yaşlı qızımız Leyla da sığınacağa il ərzində müraciət edən onlarla qızdan biridir. Leylanın valideynləri onu 9-cu sinifdən çıxarıblar. Amma Leylanın arzuları var. O, təhsil almaq, özünə karyera qurmaq istəyir. Bu istəklərini valideynlərinə deyəndə onlar tərəfindən şiddətə məruz qalıb. Valideynləri onu dəfələrlə buna görə döyüblər”.
M. Zeynalova bildirir ki, Azərbaycanda qızların davamlı təhsili üçün qanunvericilikdə maneə olmasa da, valideynlər bəzən qız uşaqlarını erkən təhsildən uzaqlaşdırırlar. Ona görə də qanunvericilikdə bununla bağlı cəzalar sərtləşdirilməlidir:
“15 yaşında qızla söhbət zamanı məlum oldu ki, onun təhsil almağa meyli var. Amma valideynlər buna qarşıdır. Qızı təhsildən uzaqlaşdırmaqda isə əsas məqsəd ərə verməkdir. Ona görə də, qızını təhsildən ayırıb ərə verən valideynlərə qarşı cəzalar sərtləşdirilməldir”.
İB sədri təəssüf edir ki, ölkəmizdə erkən nikahla bağlı cinayət məsuliyyətinə cəlbetmə halları çox deyil:
“Valideynlər çox vaxt cəzadan yayına bilirlər. Övladını təhsildən ayırıb erkən ailə qurmağa yönəldən valideynlərlə bağlı cəzalar daha da sərtləşdirilməlidir. Maarifləndirməyə isə təkcə qızlar yox, valideynlər də cəlb edilməlidir”.
M.Zeynalova deyir ki, ölkədə erkən nikah faktlarının çox olduğu rayonlarda davamlı təhsilin təbliğinə həsr olunan tədbirlər daha tez-tez təşkil olunmalıdır:
“Qızların təhsildən yayınması bir çox faciələrə yol açır. Təhsildən uzaqlaşdırılan qızlar erkən ərə verilir. Bu izdivac uğursuz olduqda, onlar insan alverinin qurbanına çevrilirlər. Ona görə də məktəblərdə qızlara davamlı təhsilin onlara verəcək imkanlar izah olunmalıdır. Onlar başa düşməlidirlər ki, təhsillərini yarımçıq saxlasalar, həyatda uğur qazana bilməyəcəklər.
Mən xüsusilə erkən nikahın daha çox olduğu ərazilərdə yerləşən məktəblərdə bu təbliğatın gücləndirilməsini, məktəbli qızlara təlimlərin keçirilməsini alqışlayıram. Bu onların gələcəyini cəhalətdən xilas edə bilər. Bəzi ailələr var ki, qızlarına təhsilin onlara açacağı imkanları söyləmirlər. Qızlar valideynin təkidi ilə dərsdən uzaqlaşırlar. Əgər qız uşaqlarına məktəb dövründə davamlı təhsil barədə məlumat verilsə, onlar təhsilin onların həyatında rolunu anlayacaqlar. Nəticədə erkən nikah halları azalacaq. Bu, gələcəkdə qadınlara qarşı zorakılıq hallarının da qarşısını alacaq. Çünki, təhsilli qadın öz hüquqlarını tələb etməyi, qorumağı bacarır”.
Qeyd: Bu məqalə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği” layihəsi çərçivəsində yazılıb.