BAKI, 5 noyabr — Sputnik. Azərbaycan dövlətinin əsas prioriteti azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin ata-baba yurdalarına qayıtmasıdır. Azad edilən ərazilərdə işlərin görülməsində ən böyük təhlükə minalarla bağlıdır.
Bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, indiyədək həmin ərazilərdə 267 Azərbaycan vətəndaşı minaların qurbanı olub: “Minaların təmizlənməsi istiqamətində işlərimiz davam edir və günbəgün genişlənir. Azad edilən ərazilərdə yenidən infrastruktur qurulur”.
Bundan başqa, nazir bildirib ki, Ermənistana qarşı beynəlxalq səviyyədə müvafiq hüquqi addımların atılmasına başlanılıb: "2021-ci ilin yanvarında Avropa Məhkəməsində Ermənistana qarşı Azərbaycan tərəfindən ilk iddia qaldırılıb. Həmin iddia Birinci Qarabağ müharibəsi, işğal dövründə olan hüquqi pozuntular, təxribatlar və İkinci Qarabağ müharibəsi dövründəki təxribatları əhatə edir. Daha sonra minalarla bağlı da şikayət vermişik”.
Azərbaycan üçüncü tərəflərin bölgədə törətmək istədiyi bütün təxribatların qarşısını qətiyyətlə alacaq
Nazir bildirib ki, bölgədə yeni imkanlar yarandığı, Azərbaycanın azad edilən ərazilərini bərpa etdiyi bir dövrdə hər hansı bir üçüncü tərəflərin destruktiv və təxribat yönümlü addımlar atması tamamilə yolverilməzdir: "Azərbaycan dövləti buna yol verməyəcək: “Bütün təxribatların qarşısı qətiyyətlə alınacaq. Azərbaycan dövlətinin bölgənin inkişafı ilə bağlı planları hamıya məlumdur”.