BAKI, 5 noyabr — Sputnik. İsveç və Finlandiyanın NATO-ya daxil olma vaxtı onların Ankaranın şərtlərini yerinə yetirməsindən asılıdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Alyansın baş katibi Yens Stoltenberqlə görüşündə deyib. O vurğulayıb ki, ölkəsi hərbi blokun yeni potensial üzvlərindən terrora dəstəyi dayandırmağı xahiş edir.
İsveç və Finlandiya mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət ediblər. Türkiyə, demək olar ki, dərhal bu ölkələrin giriş prosesini əngəlləyib. Buna səbəb Stokholm və Helsinkinin Kürdüstan Fəhlə Partiyası və Gülən Hərəkatını dəstəkləməsi olub. Türkiyədə bu təşkilatlar terrorçu hesab edilirlər. Bundan əlavə, türklər ölkənin müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqonu aradan qaldırmaq istəyibər.
İyunun 29-da Türkiyə, İsveç və Finlandiya təhlükəsizlik sahəsində memorandum imzalayıb və burada bütün bu məqamlar nəzərə alınıb. Bundan sonra Ankara NATO-ya yeni üzvlərin daxil olmasına etirazını geri götürüb. Oktyabrın 6-na kimi 30 ölkədən 28-i İsveç və Finlandiyanı Alyansa qəbul etmək barədə müsbət qərar qəbul edib. Türkiyə və Macarıstan hələlik mövqelərini açıqlamayıblar.