BAKI, 5 noyabr - Sputnik. Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Şuşa şəhərində olublar.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Baş nazir Ə.Əsədov və Türkiyənin Vitse-prezidenti F.Oktay Şuşada mədəni abidələri və şəhərin görməli yerlərini ziyarət ediblər, o cümlədən Şuşa şəhər meydanı, Yuxarı Gövhər Ağa məscidi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olublar.
Daha sonra Şuşa şəhərində Ə.Əsədov və F.Oktay Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.
***
Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.
Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olduqdan sonra Azərbaycanın Baş naziri və Türkiyənin Vitse-prezidenti Şuşa şəhərinə yola düşüblər.