TƏHSİL

Uşaqların çantaları çox ağırdır, şagirdlər arasında skolioz xəstəliyi artıb

Millət vəkili deyir ki, xəstəliyin müalicəsi üçün reabilitasiya müəssisələri demək olar ki, yoxdur
Sputnik
BAKI, 4 noyabr — Sputnik. İbtidai sinif şagirdləri arasında skolioz xəstəliyi artıb. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Fatma Yıldırım deyib.
O bildirib ki, bu xəstəlik çox çətin müalicə olunur: “Uşaqların çantaları çox ağırdır. Avropanın bir sıra məktəblərində orada yaşayan biri olaraq deyə bilərəm ki, ibtidai sinif uşaqları üçün verilən dərsliklər iki nüsxədə çap olunur. Onların çantaları bu qədər ağır olmur”.
Onun sözlərinə görə, bu xəstəliyin müalicəsi üçün Səhiyyə Nazirliyinə dövlət büdcəsindən çoxlu vəsait ayrılır: “Mən buradan Səhiyyə Nazirliyinə səslənmək istəyirəm. Bu xəstəliyin müalicəsi üçün reabilitasiya müəssisələri demək olar ki, yoxdur. Uşaqlar bizim gələcəyimizdir. Valideynlər bizdən bu xəstəliyin müalicəsi üçün dəstək istəyir. Regionlarda bu xəstəliyi müalicə edən ixtisaslı kadrlar da yoxdur. Vətəndaşlarımız Bakıya gəlməyə məcbur olur. Buna da bəzilərinin imkanı çatır, bəzilərinin yox”.