CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Regionlarla müqayisədə Bakıda kənd təsərrüfatı məhsullarının qiyməti beş dəfə bahadır

Millət vəkili deyir ki, Bakıda kənd təsərrüfatı məhsullarının qiyməti 5 dəfə bahadır, maliyyə orqanları bununla bağlı düşünməlidirlər
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Bu gün kənd təsərrüfatı məhsullarının qiymətləri artmaqdadır. İnhisarçlılıq öz sözünü deyir.
Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Tahir Rzayev deyib ki, regionlarla müqayisədə Bakıda kənd təsərrüfatı məhsullarının qiyməti 5 dəfə bahadır: "Maliyyə orqanları bununla bağlı düşünməlidirlər, çünki qiymətlərin bahalaşması həm sahibkarlara ziyandır, həm də insanların rifahını aşağı salır".
Qeyd edək ki, cari ilin 9 ayında ÜDM istehsalının 52,2 faizi sənaye, 7,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,0 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil edib.