TƏHLİL

Ermənistanın kommunikasiya arzusu nə vaxt gerçəkləşə bilər?

Politoloq bildirib ki, dəmiryolu ilə əlaqələrin qurulması ilə bağlı müəyyən razılıq əldə olunsa da, avtomobil yolu ilə bağlı Ermənistan tərəfi texniki iqtisadi əsaslandırmanı da təqdim etmir
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 10-cu iclasındakı çıxışında deyib ki, ölkəsi Azərbaycandan keçən rabitə və kommunikasiya vasitələrindən malların daşınması məqsədilə istifadə etməkdə maraqlıdır. TŞ katibinin Ermənistan üçün sərfəli bu fikirləri isə hazırkı situasiyaya nə qədər adekvat olması sual altındadır. Müxtəlif dövrlərdə Ermənistan rəsmiləri kommunikasiyaların açılması ilə bağlı xoşəgələn fikirlər səsləndirsə də, son məqamda əməli addımlar atmaqdan yayınırlar.
Bəs Azərbaycan hansı şərtlərlə Ermənistana bu imkanı yarada bilər. Mövzu ilə bağlı Sputnik Azərbaycan millət vəkili Rasim Musabəyovun və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Millət vəkili Rasim Musabəyov bildirib ki, hazırda bu mümkün deyil: "Zəngəzur dəhlizi açılmayana qədər Ermənistan Azərbaycandan keçən heç bir kommunikasiya vasitəsindən istifadə edə bilməyəcək. Ermənistan hakimiyyəti boş-boş bəyanatlar səsləndirir".
"Ermənistan müharibəni uduzub. Onlar yaxşı anlayırlar ki, uduzan tərəf kimi sülh müqaviləsindən özləri üçün sərfəli nəsə əldə etmək qeyri-mümkündür. Düşünürəm ki, bu bəyanatlar da Ermənistan hakimiyyətinin manevrlərindən biridir. Onlar sülh müqaviləsi üzrə və digər danışıqlar prosesini maksimum şəkildə uzatmaqla hansısa əlverişli imkan qazancaqlarına ümid edirlər. Azərbaycanın kommunikasiya imkanlarından istifadə üçün təkcə sülh müqaviləsi yetərli deyil. Zəngəzur dəhlizi açılmayana qədər Ermənistan Azərbaycan vasitəsilə heç bir kommunikasiya əldə etməyəcək".
Politoloq İlyas Hüseynov bildirib ki, Ermənistanla Azərbaycan arasında iqtisadi və kommunikasiya əlaqələrinin bərpa olunması 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın 9-cu bəndinə uyğun olaraq həyata keçirilməlidir: "Təəssüflər olsun ki, bununla bağlı Ermənistanla mübahisələr davam edir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunmasında suverenlik məsələsi gündəmə gətirilir. Buna baxmayaraq, Ermənistanın Qarabağla Laçın dəhlizi vasitəsilə əlaqəsi təmin olunur. Bu baxımdan bu ədalətsiz yanaşmadır".
Politoloq bildirib ki, dəmiryolu ilə əlaqələrin qurulması ilə bağlı müəyyən razılıq əldə olunsa da, avtomobil yolu ilə bağlı Ermənistan tərəfi texniki iqtisadi əsaslandırmanı da təqdim etmir: "Bununla belə Ermənistan tərəfi nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa olunmasında maraqlı olduğunu bildirir. Zaman-zaman Ermənistan hökumətinin yüksək səviyyəli rəsmiləri tərəfindən bu cür fikirlərin səsləndirilməsini eşidirik. Amma bu fikirlər həm də əməli-praktiki müstəviyə keçməlidir. Ermənistan həqiqətən də bu prosesdə maraqlıdırsa, mübahisələri kənara qoymalı, üçtərəfli birgə bəyanatda göstərildiyi kimi sərnişinlərin və yüklərin maneəsiz hərəkətini təmin etməlidir".
İlyas Hüseynov vurğulayıb ki, maneəsiz hərəkət deyərkən biz dəhliz anlayışını başa düşürük: "Lakin orada konkret dəhliz ifadəsinin yazılmaması Ermənistan tərəfindən manipulyasiya alətinə çevrilmiş olur. İlin sonuna qədər imzalanması gözlənilən yekun sülh müqaviləsində kommunikasiya xətləri ilə bağlı son fikir formalaşdırılmalıdır. Eləcə də sülhməramlıların nəzarətində olan və etnik ermənilərin yaşadığı Qarabağ ərazisindəki proseslər Azərbaycanın daxili işidir. Bu kompleks məsələlər həllini tapacağı təqdirdə sülh müqaviləsi də imzalanmış olacaq. İqtisadi əsaslarla əlaqələrin təmin olunması həm də regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsini və birgə yaşayışı təmin edəcək. Eyni zamanda bölgənin artan geostrateji əhəmiyyəti fonunda Ermənistan da Şərqlə Qərb arasında yükdaşımaların həyata keçirilməsində yer ala bilər. Düşünürəm ki, Azərbaycanın iqtisadi zəmində sülh quruculuğu ilə bağlı fəaliyyəti gələcəkdə öz bəhrəsini verəcək".