BAKI, 3 noyabr — Sputnik. Bloqer Aysel Zahidqızı uşaqlar üçün nəzərdə tutulmuş "Part part part" kitabı ilə bağlı həyəcanlı açıqlama verib. Bloqer iddia edir ki, İranlı yazıçının müəllifi olduğu bu kitab uşaqlarda heyvanlara nifrət hissi oyadır. A. Zahidqızı bildirib ki, kitabda ata öz övladına silahla heyvanları necə öldürməyi təlqin edir. Sosial platformada kitabın Azərbaycanda çap edilərək satışa çıxardılması böyük səs-küy yaradıb.
Sputnik Azərbaycan kitabı nəşr edən "Təhsil Nəşriyyatı" MMC-nin Uşaq ədəbiyyatı bölməsinin rəhbəri, uşaq yazıçısı, eyni zamanda sözügedən kitabın redaktoru Sevinc Nuruqızı ilə əlaqə saxlayıb. S. Nuruqızı əsərin motivinin səhv başa düşüldüyünü bildirib. O, deyib ki, əsərin müəllifi dünya şöhrətli, Andersen mükafatı lauryatı iranlı yazıçı Fərhad Həsənzadədir:
"Bu kitabda valideyn uşağı silahla tanış edərək silahın təhlükəli olduğunu anladır. Ata öz övladına silah alır. Ona öz ov məcəralarından danışır. Uşaq yatanda yuxuda heyvanların həmin silahla vurulduğunu görür. Sonra onları sağaltmaq üçün xəstəxanaya aparır. Burada nəinki uşaqlarda heyvanlara nifrət aşılanır, əksinə silahın təhlükəsi izah olunur, onun hansı faciələrə səbəb olacağı izah edilir. Əsərin motivini bilmədən, onun müəllifinin kimliyi haqqında məlumatlı olmadan belə bir fikrin söylənilməsi düzgün deyil".