BAKI, 3 noyabr — Sputnik. "İnsanlar qripə yoluxanda ya evdə oturmalı, ya da vəziyyətdən asılı olaraq xəstəxana şəraitində müalicə almalıdırlar".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, qrip ağır qrupa daxil olan xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadlarla özünü büruzə verir: "Qripə yoluxan şəxslər əksər hallarda xəstəliyi yüngül keçirsə də, qripdən ölüm halları da olur. Təbii ki, qripdən ölüm halları koronavirusla müqayisədə azdır".
İnfeksionist bildirib ki, qrip bütün yaş qrupunda rast gəlinən xəstəlikdir: "Ancaq kiçikyaşlı uşaqlar, eləcə də bağçaya, məktəbə gedənlər arasında yoluxma faktları artır. İmmuniteti zəif olanlar, hamilələr də yoluxma risk qrupuna aid şəxslərdir. Yoluxma riski müəyyən edilərək həyat şəraiti ona uyğun qurulmalıdır. Payız-qış mövsümündə vitamin və minerallarla zəngin qidalanmaya üstünlük verilməlidir".
Onun sözlərinə görə, hamiləlik zamanı qripə yoluxma bir çox fəsadlarla özünü büruzə verir: "Həmin fəsadlar sırasına vaxtından əvvəl və çəkisi az olan körpənin doğulması da daxildir. Əgər hamiləliyin erkən dövründə qripə ağır yoluxma halı baş verirsə, bu zaman infeksiya döldə anomaniyaları inkişaf etdirə bilər. Bu da nadir hallarda baş verir. Yenə də risk var. Qripin ağırlaşmış forması hətta dölün ölməsinə də səbəb ola bilər. Bunun rastgəlmə tezliyi çox deyil. Hamilələr xəstə şəxslərlə təmasdan çəkinməli, payız-qış mövsümündə əhalinin sıx toplaşdığı yerlərdə olmamalıdır".
Onun sözlərinə görə, qrip və koronavirusa yoluxması ehtimal edilən şəxslərdən götürülən test nümunələri yoxlanılıb: "Lakin heç bir nümunədə qrip virusu aşkar edilməyib. Xəstələnən şəxslər kəskin respirator virus infeksiyalarına yoluxublar".
T.Eyvazov bildirib ki, bu gün ölkədə koronavirusa yoluxma halında vəziyyət qənaətbəxşdir: "Hətta yoluxma sayları ikirəqəmlidir. Bu da pandemiyanın başladığı dövrdən bu günə qədər xəstələrin sayında ən aşağı rəqəmdir. Bilirik ki, xəstəliyi yüngül keçirənlər test üçün müraciət etmir. Statistika real olanı göstərməsə də, aktiv xəstə sayı çox deyil".