BAKI, 3 noyabr — Sputnik. Bu dəfə Bakı Ekspo Mərkəzi qapılarını insanların sağlamlığı və gözəlliyi üçün yeniliklər edən şirkətlərin üzünə açmışdı. Mərkəzin giriş qapısında yaranmış izdiham sərgiyə marağın böyük olduğundan xəbər verirdi. Mərkəzin bir tərəfində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex", digər tərəfində isə Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgisinin stendləri qoyulmuşdu. Sərgiyə gələn ziyarətçilər arasında tibb işçiləri üstünlük təşkil edirdi. Tibb işçiləri yeni avadanlıqlar, dərman preparatları, kosmetoloji yeniliklərdən xəbər tutmaq üçün öz sahələrinə aid stendlərin qarşısında məlumat alırdılar. Dünyanın 12 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Danimarka, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, Yaponiya, Əlcəzair və digər ölkələrdən 90-dan çox şirkətin iştirak etdiyi sərgiyə ən çox diqqət cəlb edən müasir tibbi avadanlıqlar, dərman preparatları idi.
Tədbirdə ən böyük stendlə İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təmsil olunurdu. Sərgidə Azərbaycan səhiyyəsinin keçmişi muzey kimi nümayiş olunurdu. Ölkəmizdə ilk istifadə edilən təcili tibbi yardım avtomobili ilə yanaşı Agentliyin aldığı yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili də nümayiş etdirilirdi. Agentliyin əməkdaşı Sputnik Azərbaycan-a bildirdi ki, yeni ambulanslar reanimobil avtomobillərdir: "Bu tam təchizatlı avtomobildir. Oksigen balonu ilə də təmin olunub. Üç cür xərəklə təmin edilib. Avtomobildə hətta xəstəni reanimasiya şəraitində saxlamaq da mümkündür. Hətta ağır xəstələri rayonlardan bu avtomobil vasitəsilə xəstəxanaya gətirmək mümkündür".
Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgisinin açılışı
© Sputnik / Zulfiyya Guluyeva
Agentliyin stendində ziyarətçilərə elektron formada icbari tibbi sığortaya daxil olan tibb müəssisələri, xidmətlər zərfi ilə bağlı eləcə də sığorta çərçivəsində xidmət göstərən özəl tibb müəssisələri barədə də məlumat əldə edə etmək imkanı yaradılmışdı. Digər yeniliklərdən biri isə xəstələrə öz xəstəlik tarixçələri barədə elektron məlumat əldə etmək üçün mobil tətbiqin yaradılması idi. Agentlik nümayəndəsi bildirdi ki, mobil tətbiq vasitəsilə pasiyent öz laborator analizlərinin cavabını əldə edə, eləcə də elektron göndərişi yükləyə bilər.
TƏBİB-in stendində isə keçmişdə istifadə edilən cərrahi əməliyyat aparılan cihazlar, eləcə də, müasir tibbi avadanlıqlar nümayiş etdirilirdi. Burada ziyarətçilərin ən çox diqqətini cəlb edən cərrahiyyə əməliyyatlarında virtual iştirak etmək üçün sərgilənən avadanlıq idi.
Sərgidə diqqətimizi çəkən avadanlıqlardan biri "TytoCare" cihazı oldu. "Türkiyənin "Koçsağlıq" şirkətinin nümayiş etdirdiyi bu cihaz həkim olmadan xəstənin sağlamlığını müayinə etmək imkanı verir. Buraya onlayn müayinə üçün lamera və termometr olan telesağlamlıq cihazı, qulaqdaxili görüntüləmə üçün otoskop adapteri, eləcə də boğaz üçün dil depressot adapteri daxildir. Stendə ziyarətçilərə məlumat verildi ki, belə bir cihazı olan xəstəni həkim uzaqda olduqda da müayinə edə bilər. Çünki, həkim həmin cihazın vasitəsilə ağciyəri, ürəyi, mədənin sağlıq vəziyyətini onlayn müşahidə edib uzaq məsafədən müalicə tətbiq edir.
Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgisinin açılışı
© Sputnik / Zulfiyya Guluyeva
Sərgidə bir neçə rus şirkəti də təmsil olunurdu. Rusiyanın "Faktor Med" MMC şirkətinin nümayəndəsi Sputnik Azərbaycan-a bildirdi ki, sərgidə onların məhsulları - müxtəlif diaqnostika sistemləri təqdim olunub: "Bunlar narkotik maddələrin, yoluxucu xəstəliklərin, onkomarkerin, hamiləlik və ovulyasiyanın aşkarlanması üçün testlərdir. Bütün bunlar 10 dəqiqə ərzində nəticə verən və həm tibb müəssisələrində, həm də evdə analizlər aparmağa imkan verən ekspress sistemlərdir", - deyə nümayəndə izah edib.
Onun sözlərinə görə, şirkət Azərbaycanda tərəfdaş tapmaq və yerli bazarı təhlil etmək üçün sərgidən istifadə edib.
Sankt-Peterburqda yerləşən Rusiyanın digər şirkətinin - "Vertex"in regional meneceri şirkətin istehsal etdiyi dərmanların 2023-cü ildə Azərbaycan apteklərində də olacağına ümid etdiyini bildirib.
Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgisinin açılışı
© Sputnik / Zulfiyya Guluyeva
"Biz həm dərman preparatları, həm də kosmetik brendlər istehsal edirik. Dərman preparatları hazırda qeydiyyat mərhələsindədir. Bunlar orijinal kombinasiyalardır, dərmanlar unikaldır, eynilə kosmetik markalar kimi. Biz məhsulların keyfiyyətinə zəmanət veririk", - deyə menecer qeyd edib.
Sərgidə həmçinin qabıqdan əldə olunan içməli kollageni Bakıya gətirən Yaponiyanın "Okimi" kosmetika şirkəti də nümayiş etdirilib. Şirkət izah edib ki, bu, oynaqların, düyünlərin, orqanların bərpasına kömək edir, mədə yaralarını, çatları sağaldır, seluliti aradan qaldırır.
"Bizim təqdim etdiyimiz ikinci məhsulumuz "Qaranquş yuvasıdır" ("Lastoçkino qnezdo"). Bu, həm də Çin və Yaponiya imperatorları arasında məşhur olan gənclik və uzunömürlülük məhsuludur", - şirkətdən bildirilib.
Sərgidə həmçinin dünyanın ən böyük səhiyyə avadanlıqları istehsalçılarının ölkəmizdəki rəsmi distrübüterləri də iştirak edirdi.
Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgisinin açılışı
© Sputnik / Zulfiyya Guluyeva
"Premium med" şirkəti isə müasir laborator avadanlıqlarla sərgiyə qatılmışdı. Şirkətin nümayəndəsi bildirdi ki, burada ən son laborator cihazlar və reaktivlər təqdim olunur. Hansı ki, onların analizlərinin dəqiqliyi şübhə doğura bilməz. Şirkət təmsilçisi ölkəmizdə belə laborator avadanlıqların təkcə özəl klinikalarda deyil, həmçinin icbari tibbi sığorta xidməti göstərən dövlət xəstəxanaları üçün də İcbari Tibbi Sığorta Agentliyi tərəfindən sifariş verildiyini söylədi.
Məlumat üçün bildirək ki, Bakı Ekspo Mərkəzində “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgiləri 3-5 noyabr tarixinədək davam edəcək. “Medinex” - səhiyyə mütəxəssislərini bir araya gətirən biznes platformasıdır. Aparıcı yerli və xarici istehsalçılar və distribütorlar sərgidə tibb müəssisələrinin təkmilləşdirilməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.
Sərginin bu gün keçirilən mətbuat konfransında “Caspian Event Organisers” (CEO) şirkətinin layihə rəhbəri Fərrux Əhmədov bildirib ki, bu il “Medinex-2022” sərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəal iştirakı və dəstəyi ilə keçirilir. “Zeytun Pharmaceuticals MMC” “Medinex-2022” sərgisinin Qızıl sponsorudur. Sərginin sponsorları sırasında “AzeriMed” və “Referans Klinik & Laboratoriya” da yer alır.
Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgisinin açılışı
© Sputnik / Zulfiyya Guluyeva
F.Əhmədov bildirib ki, sərgidə tibbi avadanlıq, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərmanlar, vitaminlər və pəhriz əlavələri, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibdə informasiya texnologiyaları və s. təqdim olunur: ““Medinex” sərgisilə eyni anda gözəllik industriyası sərgisi "Beauty Azerbaijan" da keçirilir. Kosmetologiya və estetik tibb üçün məhsullar, parfümeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, saça və bədənə qulluq məhsulları, dekorativ kosmetika, professional kosmetika, salon avadanlığı və bərbər alətləri və s. kimi sektorlar sərginin ayrılmaz bir hissəsi olacaq”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, sərginin təşkili dövlət və özəl sektor arasında yeni tərəfdaşlıqların inkişafına, kommunikasiya münasibətlərinin güclənməsinə öz töhfəsini verəcək: “Sərginin təşkili Azərbaycan səhiyyəsinin inkişafına, tibb sahəsindəki müasir təcrübələrə əsaslanan innovativ yeniliklərin ölkəmizin istər özəl, istərsə də dövlət tibb müəssisələrində tətbiqinə xidmət etmiş olacaq. Nəticə etibarı ilə tibb müəssisələrinin maddi-texniki təminatı daha da yaxşılaşacaq, bu da öz növbəsində ölkədə icbari tibbi sığortanın uğurlu tətbiqinə, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə və vətəndaş məmnunluğunun artmasına imkan yaradacaq. Bilirsiniz ki, icbari tibbi sığortanın əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasıdır. Bütövlükdə səhiyyə sisteminin idarə edilməsində, tibbi avadanlıq, dərman istehsalında yeni innovativ texnologiyaların tətbiqi bizim qarşımıza qoyulmuş vəzifənin – icbari tibbi sığortanın tətbiqinə böyük töhfə verib. Sərgi yeni əməkdaşlıq əlaqələrinin qurulması və gələcək inkişaf perspektivləri üçün əlverişli platformadır”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sərgidə xüsusi stendlə təmsil olunduğunu qeyd edən A.Əhmədova burada ziyarətçilərin icbari tibbi sığortaya aid məsələlər haqqında ətraflı məlumat əldə edə biləcəklərini bildirib.
“Medinex” sərgisi çərçivəsində tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi işgüzar tədbirlər barədə məlumat verən TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, sərgi çərçivəsində tibb sahəsinin aktual mövzuları müzakirə olunacaq: “Laparoskopik cərrahiyyədə müasir texnologiyaların tətbiqi, ürək-damar xəstəliklərinə çoxtərəfli baxış, mikrobiologiyada aktual mövzular və yeni test modelləri, aktual uşaq və yeniyetmə problemlərinə psixiatrik yanaşma, hemofiliyalı xəstələr üçün stomatolji və fizioterapevtik kabinetlərin xüsusiyyətləri, nutrigenetika, tibbi təlimlərdə və tibb təhsilində 3D mulyajlar, onkoloji xəstəliklərin erkən diaqnostikası, innovativ ortez protezlər və onların reabilitasiyada tətbiqi, münaqişədən sonrakı dövrdə psixi sağlamlıq xidmətləri, xəstəliklərin müalicəsində kök hüceyrə və nanotexnologiya əsaslı metodların tətbiqi, vərəm və digər ağciyər xəstəliklərinin skrininqində süni intellektin tətbiqi və kök hüceyrə transplantasiyası kimi mövzuları ətrafında sahənin mütəxəsisləri təqdimatlarla çıxış edəcək, fikir mübadiləsi və müzakirələr aparacaqlar”.
Z.Ədilova həmçinin “Medinex” sərgisində “DocDeti” klinikasında həkim-psixiatr, “Psixiatr və psixoloqların elmi əsaslı təcrübə naminə assosiasiyası”nın təsisçisi Yelisey Osin psixiatrlar, nevroloqlar, o cümlədən valideynlər üçün "Autizmin diaqnostikası və terapiyası - texnologiyalar" mövzusunda çıxış edəcəyini, sərgidə ənənəvi olaraq, yerli və xarici sahibkarlarla işgüzar görüşlərin keçiriləcəyini də qeyd edib: “TƏBİB sərgidə rəsmi tərəfdaş olmaqla bərabər pavilyonla da təmsil olunur. Pavilyonda tabeli tibb müəssisələrinin fəaliyyəti, göstərilən xidmətlərlə yanaşı, tibbin tarixini əks etdirən alət və cihazlar, eləcə də fotosərgi nümayiş olunacaq”.