BAKI, 2 noyabr — Sputnik. Moskva Ukrayna üzrə danışıqlar prosesində milli maraqlardan çıxış edərək istənilən təmaslara hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz hər zaman istənilən danışıqlara, istənilən təmaslara açığıq, biz heç vaxt qapını bağlamırıq. Siz çox yaxşı bilirsiniz ki, mütəxəssislərimiz ən çətin vəziyyətlərdə belə, müvafiq arzu və niyyəti ifadə edən hər kəslə həmişə dialoq aparırlar. Amma eyni zamanda, biz bir daha yerlərdə vəziyyətə, məqsəd və vəzifələrimizə, milli maraqlarımıza arxalanırıq", - Zaxarova həftəlik brifinq zamanı bildirib.
Qərb muzdlu əsgərlər göndərməklə özünü Ukrayna münaqişəsinə cəlb edib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Qərb hərbi əməliyyatlarda iştirak etmək üçün muzdlu əsgərlər göndərməklə özünün Ukrayna münaqişəsinin tərəfi statusunu möhkəmləndirib.
"Qərb ölkələrinin bu cür davranışı, o cümlədən kütləvi şəkildə silah və muzdluların tədarükü, nasist döyüşçülərinin hazırlanması və Kiyev rejiminin maliyyələşdirilməsi hərbi əməliyyatların uzanmasına gətirib çıxarır və onların Ukraynada baş verənlərə münaqişə tərəfi statusu kimi cəlb olunma dərəcəsini artırır", - diplomat vurğulayıb.
Səkkiz ayda səkkiz min muzdlu
Zaxarovanın sözlərinə görə, silahlı münaqişənin səkkiz ayı ərzində Qərb ölkələri 60-dan çox ölkədən 8000-dən çox xarici muzdlu cəlb edib.
"Bir çox ölkələrdə muzdluluğun qanunla qadağan edilməsinə və cinayət hesab olunmasına baxmayaraq, ən böyük qruplar Polşa, ABŞ, Kanada, Rumıniya və Britaniyadan gəlib. 3000-dən çox əcnəbi döyüşçü öldürülüb, eyni sayda döyüşçü ölkəsinə qayıdıb", - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib.
O, qeyd edib ki, ABŞ və Britaniya strukturları, Fransanın özəl hərbi şirkətləri, Almaniya, İspaniya, Çexiya, İtaliya və bir sıra digər ölkələrdə sağçı ekstremist təşkilatlar onları buna cəlb edir.