BAKI, 2 noyabr — Sputnik. Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə noyabrın 4-də dənizdə növbəti monitorinqlərə başlanılacaq.
Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Sputnik Azərbaycan-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya və Fiziologiya İnstitutlarının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən 4-16 noyabr tarixlərində Xəzər dənizinin cənub akvatoriyasında yerləşən Cənub-Şərqi Qoltuq, Kürdili və Lənkəran məntəqələrində tədqiqatlar aparılacaq, vizual müşahidələr həyata keçiriləcək.
Monitorinqlər zamanı 19 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək.
Xatırladaq ki, prezident İlham Əliyev "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu" üzrə səlahiyyətli orqanın müəyyən edilməsi barədə Sərəncam imzalayıb.
2011-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu" üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan Azərbaycanın Fövqəladə Hallar Nazirliyi müəyyən edilib.