RUSİYA

"Vostok Oil" layihəsi SOCAR-a nə vəd edir?

"Sokar" nəinki Rusiyada, bütün dünyada ən böyük neft-qaz layihəsində iştiraka dəvət alıb.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Bir sıra xarici şirkətlər Rusiya bazarını tərk etdikdən sonra ölkədə RF-ə dost ölkələrdən olan investorlar üçün boşluqlar meydana gəlib. Azərbaycandan olan tərəfdaşlar da, həmçinin, bu boşluqları fəal şəkildə doldurmağa çalışırlar. İlk növbədə, Rusiyanın neft-qaz sektorunda yeni iştirakçılar və investisiyalar tələb olunur.
Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın ən böyük enerji layihəsində iştirak etməyə dəvət olunub. "Rosneft"in rəhbəri İqor Seçin bildirib ki, şirkət "Vostok Oil" layihəsinin iştirakçıları arasında öz dostlarını, o cümlədən "SOCAR"ı görməyə şad olacaq.
"Vostok Oil" dünyanın ən böyük neft və qaz layihəsidir
"Vostok Oil" bu gün Rusiyanın enerji nəhəngi olan "Rosneft"in əsas və eyni zamanda dünyanın ən böyük neft və qaz layihəsidir. Layihə Krasnoyarsk diyarının şimalındakı 13 neft və qaz yatağının tərkibinə daxil olan 52 lisenziyalı bloku əhatə edir. Hesablamalara görə, onların ehtiyat həcmi rekord dərəcədə aşağı kükürd tərkibli 6 milyard tondan çox "Premium" nefti və, təxminən, 2 trilyon kubmetr qazdır.
"Vostok Oil" layihəsi çərçivəsində "Payaxskoye" və "İççeminskoye" yataqlarından ilk neftin 2024-cü ildə bazarlara çıxacağı gözlənilir. 2030-cu ilədək planlaşdırılan hasilat, təxminən, 100 milyon ton təşkil edəcək. Bu layihə Asiya-Sakit Okean bazarına tədarükün əsas mənbəyi hesab olunur. Nümunə üçün qeyd edək ki, ötən il bütövlükdə Rusiyada 520 milyon tona yaxın neft və kondensat hasil edilib. "Vostok Oil" layihəsinə cəlb olunacaq ümumi investisiyanın 16 milyard dollardan çox olacağı gözlənilir.
Bundan əlavə, 2019-cu ildən "Vostok Oil"a 2025-ci ilədək ümumi hasilat gücü ildə 55 milyon tona çata biləcək, dörd yatağı özündə birləşdirən və artıq fəaliyyət göstərən "Vankor" klasteri də daxil edilib.
Rosneft şirkəti
Xarici şirkətlərin ölkəni tərk etməsi layihənin işinə təsir etməyib
"Vostok Oil" əvvəlcə xarici investorlar üçün cəlbedici idi – ilk roud-şoudan sonra "Rosneft" xarici şirkətlərdən orada iştirak etmək üçün 60-a yaxın təklif alıb. Lakin Qərbin sanksiyalarından sonra onun iştirakçıları tədricən öz paylarını satdılar. Belə ki, "Trafigura" beynəlxalq treyderi özünün 10%-lik payını Honq-Konqda qeydiyyatdan keçmiş "Nord Axis Limited"ə sataraq layihədən çıxıb. Bundan əlavə, neft treyderi "Vitol S.A." da "Vostok Oil" layihəsindəki 5%-lik payını satmaq niyyətində olduğunu açıqlayıb. "Trafigura" öz payını neçəyə satdığını açıqlamasa da, enerji bazarı ekspertləri bunun kifayət qədər ucuz qiymət olduğunu qeyd edirlər.
Xatırladaq ki, "Trafigura" təqribən 7 milyard avro, "Vitol" 3,5 milyard avro payla layihənin bir hissəsinə sahib idi. Mütəxəssislər hesab edirlər ki, mövcud layihələrdən çıxmaq şirkətlərə milyardlarla ziyan vurub.
Eyni zamanda, xarici iştirakçıların ölkəni tərk etməsi "Vostok Oil" layihəsinin həyata keçirilməsi prosesinə heç bir təsir göstərməyib. Belə ki, onun baş direktoru Vladimir Çernovun bəyanatına görə, Qərbin sanksiyaları və iştirakçıların dəyişdirilməsi layihənin reallaşması vaxtına heç bir şəkildə təsir etmir. Onun sözlərinə görə, "Rosneft" ilkin olaraq yerli avadanlıq və materiallara (98%) diqqət ayırıb, ona görə də onun həyata keçirilməsində heç bir çətinlik və ya gecikmə olmayacaq.
SOCAR layihəyə nə verə bilər
Rusiya Federasiyasının Milli Enerji İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov hesab edir ki, Azərbaycan Dövlət Neft Şirkətindən ilk növbədə layihənin maliyyələşdirilməsi tələb olunur. Eyni zamanda, "SOCAR" burada iştirak etməklə öz resurs bazasını genişləndirəcək ki, bu da Azərbaycanın xarici bazarlarda iştirakını artırmağa imkan verəcək.
"Vostok Oil" bu gün dünyanın ən böyük neft layihəsidir. Onun həyata keçirilməsi 2030-cu ilə qədər "qara qızıl" hasilatını 100 milyon tondan çox artıracaq. Belə layihədə iştirak "SOCAR"dan maliyyə investisiyaları tələb edəcək, nəticədə şirkət öz resurs bazasını xeyli genişləndirəcək və bu da onun xarici bazarlarda iştirakını artıracaq", - deyə Frolov "Sputnik Azərbaycan"a bildirib.
Milli enerji təhlükəsizliyi Fondunun eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin müəllimi Stanislav Mitraxoviç hesab edir ki, SOCAR ilk növbədə "Vostok Oil"ə texnologiya deyil, pul gətirə bilər.
"SOCAR" Azərbaycanın milli resurslarının operatorudur. Yəni, şirkət, məsələn, "Shell" və ya "Exxon"dan fərqli olaraq texnoloji yeniliklər sahəsində o qədər də genişmiqyaslı lider deyil, sadəcə milli resursların operatorudur", - deyə Mitraxoviç "Sputnik Azərbaycan"a bildirib.
Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti Stanislav Mitrahoviç
"SOCAR" Vostok Oil-a daxil olmaqdan qorxacaqmı?
Mitraxoviçin fikrincə, məsələ "SOCAR"ın layihədə iştirak etmək istəyib-istəməməsindədir.
"Seçinin "Rosneft"in "SOCAR"ı layihəyə dəvət etməsi barədə sözlərindən sonra Azərbaycan tərəfi bu məsələni araşdıracağını bildirib ki, bu isə məcburi razılıq demək deyil", - deyə ekspert bildirir.
Bununla yanaşı, Mitraxoviç dünyanın siyasi və iqtisadi uyğunlaşmalarının dəyişə biləcəyini istisna etmir, ola bilsin ki, o zaman "SOCAR" layihənin səhmdarı olacaq.
"SOCAR" layihədən faydalana bilər
"SOCAR"ın "Vostok Oil"də iştirak edib-etməyəcəyi və hansı payla ona daxil olacağı hələ məlum deyil. Qeyd etmək lazımdır ki, layihədə iştirak əlavə dividendlər gətirə və şirkətin qlobal enerji bazarında rolunu gücləndirə bilər. Bundan əlavə, sanksiyalara və xarici investorların ölkəni tərk etməsinə baxmayaraq, bu ilin fevral ayından etibarən "Rosneft"in mənfəəti yalnız artıb.
Hadrutda “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi, arxiv şəkli
Belə ki, 2022 – ci ilin birinci yarısının nəticələrinə görə şirkətin gəlirləri 32% - dən çox, xalis mənfəəti 13,1% artıb, borc öhdəlikləri isə 12% azalıb.
Eyni zamanda, şirkət karbohidrogen hasilatını 1,5%, maye karbohidrogenləri 7,6%, qaz hasilatını 9,2% artırıb. "Rosneft" "Vostok Oil" layihəsində aparılan kəşfiyyat işləri sayəsində neft ehtiyatlarını da genişləndirə bilib.
"Vostok Oil"in cəlbediciliyinə nisbi aşağı karbon izi göstəricisi də əlavə olunur - yataqların işlənməsi zamanı istixana qazı tullantıları oxşar dünya layihələrindən orta hesabla 75% aşağı olacaq ki, bu da onun karbon izi kompensasiya xərclərini azaldacaq.
Ümumiyyətlə, Rusiya şirkətlərinin Azərbaycanın enerji tarixi boyu ölkənin neft-qaz layihələrində fəal iştirak etdiyini nəzərə alsaq, üstəlik, iki ölkənin iqtisadi əməkdaşlığında mühüm tendensiya kimi bölgələşmə amilini nəzərə alsaq, "SOCAR" da Rusiya Federasiyasında karbohidrogen layihələrinin mühüm iştirakçısı ola bilər.