RUSİYA

Rusiya Hindistana ən böyük neft tədarükçüsü olub

Ötən ay Rusiya Hindistana gündə 946 min barel neft tədarük edib ki, bu da Nyu-Dehlinin xam neft idxalının 22 faizini təşkil edir.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Oktyabr ayında Rusiya Hindistana neft ixracında ənənəvi liderlər olan Səudiyyə Ərəbistanını və İraqı geridə qoyaraq birinci olub.
"The Economic Times" qəzeti bu barədə dünya üzrə neft və qaz tankerlərinin daşınmasını izləyən "Vortexa" şirkətinə istinadla məlumat yayıb.
Məlumata görə, oktyabrda Rusiya Hindistana gündə 946 min barel neft tədarük edib ki, bu da Nyu-Dehlinin xam neft idxalının 22 faizini təşkil edir. Eyni zamanda, ötən ay Hindistanın neft tədarükünün 20,5 faizi İraqın, 16 faizi isə Səudiyyə Ərəbistanının payına düşüb. "Vortexa" şirkəti, həmçinin Hindistanın oktyabr ayında Rusiyadan gündə təxminən 106 min barel mazut idxal etdiyini yazıb.
Qeyd edək ki, Hindistan enerji tələbatının 85 faizini idxal hesabına təmin edir. 2021-ci ildə İraq və Səudiyyə Ərəbistanı Hindistana xam neftin əsas tədarükçüləri olub, Rusiya isə bu siyahıda 9-cu yeri tutub.