BAKI, 2 noyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində qida zənciri obyektlərinə baxış zamanı yoxlayıcılar tərəfindən qiymətləndirmə vahid suallar üzrə aparılacaq.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, qiymətləndirmənin vahid suallar əsasında həyata keçirilməsinin təmin olunması üçün müvafiq sənədlərə dəyişiklik edilib, həmçinin "Qida obyektinə baxışın keçirilməsinə dair akt"ın nümunəvi formaları tərtib olunub.
Həmin formalar ictimai iaşə, emal müəssisələri, ilkin istehsal və ticarət obyektləri üçün hazırlanıb. Akt formalarında qida obyektlərinə və məhsullarına dair gigiyena, qablaşdırma, etiketlənmə, daşınma, saxlanma, su təchizatı və kanalizasiya, təmizləmə üsulları və prosedurları, parazitlərlə yoluxmanın qarşısının alınması, qida tullantıları, kəsim mərhələləri və ilkin emal prosesinə dair baytarlıq və sanitariya normaları və qaydaları, heyvan və quşların nəqli ilə bağlı, eləcə də digər tələblərə dair konkret suallar yazılıb.
Qeyd edək ki, "Qida obyektinə baxışın keçirilməsinə dair akt"ın nümunəvi formaları AQTA-nın rəsmi saytında müvafiq bölmədə (https://cutt.ly/tNP7FnR) yerləşdirilib.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri www.afsa.gov.az saytına daxil olmaqla, aktın nümunəvi formaları ilə tanış olmaq və fəaliyyətlərini qanunvericiliyə uyğun şəkildə təşkil etmək imkanına malikdirlər. Onlar agentliyin müfəttişlərinin yoxlama zamanı yerində aydınlaşdıracağı suallarla əvvəlcədən tanış ola və öz fəaliyyətlərini müvafiq tələblərə uyğun şəkildə təmin edə bilərlər.
AQTA qida təhlükəsizliyinin təmin olunması, həmçinin bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin öz fəaliyyətlərini müvafiq tələblərə uyğunlaşdırılmasına hərtərəfli dəstək göstərir.