RUSİYA

"Qərbin nüvə silahı mövzusunu qızışdırması məsuliyyətsizlikdir" - Kreml

Dmitri Peskov bildirib ki, “Twitter” məhdudiyyətlərin aradan qaldırılması üçün Rusiya qanunlarına əməl etməlidir.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. "Qərbdə rəsmi səviyyədə və mediada nüvə silahı mövzusu "qızışdırılır". Rusiya bunu məsuliyyətsizlik hesab edir və bu işdə iştirak etməyəcək".
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bir daha bildiririk ki, həm rəsmi səviyyədə, həm də media səviyyəsində (Qərbdə - red.) nüvə silahı mövzusunun məqsədyönlü şəkildə qızışdırılması gedir. Bizim zərrə qədər də bu işdə iştirak etmək niyyətimiz yoxdur və bunu məsuliyyətsizlik hesab edirik", - Peskov Rusiya hərbçilərinin guya Ukraynada taktiki nüvə silahından istifadə şərtlərini müzakirə etməsi barədə ABŞ mediasında məlumatı şərh edərkən deyib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya heç vaxt nüvə silahından istifadə ilə bağlı fəal şəkildə heç nə deməyib və Rusiya tərəfindən nüvə silahından istifadənin mümkünlüyü barədə tezis Rusiyaya dost ölkələrə mənfi təsir göstərmək üçün istifadə olunur.
Sosial medianın tənzimlənməsi
Dmitri Peskov bildirib ki, “Twitter” məhdudiyyətlərin aradan qaldırılması üçün Rusiya qanunlarına əməl etməlidir.
"Burada bu və ya digər sosial şəbəkənin Rusiya Federasiyasının mövcud qanunvericiliyinə uyğunluğu məsələsi var. Sosial şəbəkələrin ölkəmizdə işləməsi üçün riayət etməli olduğu normalar hamıya məlumdur. Bu, əsas meyardır" - Kremlin sözçüsü İlon Maskın gəlişi ilə "Twitter"də məhdudiyyətlərin aradan qaldırılması perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib.
Daha əvvəl bildirilmişdi ki, Mask "Twitter"i almaq üçün 44 milyard dollarlıq müqaviləni tamamlayıb. O, ciddi senzuraya görə geniş tənqid edilən sosial şəbəkənin redaksiya siyasətini liberallaşdıracağına, məzmun moderatoru şurası yaradacağına, şura işə düşənə qədər redaksiya siyasəti və bloklanmış hesabların bərpası ilə bağlı qlobal qərarlar qəbul etməyəcəyinə söz verib.
Xatırladaq ki, Rusiya Federasiyası Baş Prokurorluğunun 24 fevral tarixli qərarına əsasən, Rusiyada "Twitter"ə giriş məhdudlaşdırılıb.
Putinin seçkilərdə iştirakı
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirakla bağlı hələ qərar verməyib.
"Xeyr", - Peskov Putinin belə bir qərar verib-verməməsi barədə suala cavabında deyib.