BAKI, 2 noyabr — Sputnik. Kiyev qadağan olunmuş qarşıdurma üsullarından - terror aktları, sifarişli qətllər və mülki əhalinin ağır silahlarla atəşə tutulmasından istifadə edir, Qərb ölkələri də bunu görməməyə çalışır.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya və Belarus müdafiə nazirliklərinin birgə kollegiyasının iclasında deyib.
Kiyev rejiminin qadağan olunmuş üsulları
"Kiyev rejimi terror aktları, sifarişli qətllər, dinc əhalini ağır silahlarla atəşə tutmaq, onlardan canlı qalxan kimi istifadə etmək də daxil olmaqla qadağan olunmuş qarşıdurma üsullarına əl atır", - deyə Şoyqu bildirib.
"Lakin Qərb ölkələri bütün bunları görməməyə çalışırlar. Üstəlik, onlar Ukraynada münaqişənin gərginləşməsinə təkan verirlər. Ukrayna silahlı qüvvələri daim müasir silah və sursatlarla təmin edilir", - deyə nazir əlavə edib.
Rusiya Federasiyasının sərhədləri yaxınlığında NATO-nun "kollektiv müdafiəsi"
Şoyqu bildirib ki, NATO Rusiyaya vədindən uzaqlaşaraq onun sərhədləri yaxınlığında tam miqyaslı kollektiv müdafiə sistemi qurmağa çalışır.
"İyunun sonunda NATO-nun Madrid sammitində blokun yeni strateji konsepsiyası qəbul edilib və burada Rusiya Federasiyası təhlükəsizlik təhdidlərinin əsas mənbəyi adlandırılıb. Bununla əlaqədar alyans "qabaqcıl mövcudluq yolu ilə Rusiyanın qarşısını almaqdan" sərhədlərimizin yaxınlığında "şərq cinahında" tammiqyaslı kollektiv müdafiə sisteminin yaradılmasına keçmək niyyətindədir.
Şoyqu bildirib ki, alyansın qeyri-regional üzvlərinin qoşunlarının iştirakı ilə Rusiya sərhədləri yaxınlığında çoxmillətli NATO qruplaşması fevral ayından etibarən 2,5 dəfə artaraq 30 mindən çox nəfərə çatıb və daha da arta bilər.
"Şərqi və Mərkəzi Avropada, eləcə də Baltikyanı ölkələrdə NATO-nun qeyri-regional dövlətlərinin silahlı qüvvələrinin birləşmələri yerləşdirilib. Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada yeni çoxmillətli batalyon taktiki qrupları yaradılır. 2022-ci ilin fevral ayından etibarən qrup 2,5 dəfə artaraq 30 min nəfərdən çox olub və yaxın gələcəkdə daha da arta bilər", - deyə nazir vurğulayıb.
Şoyqunun sözlərinə görə, NATO Ukraynanı kəşfiyyat məlumatları, hədəf göstərmə, məsləhətçilər və muzdlularla təmin edir, Rusiyaya qarşı informasiya və sanksiya müharibəsi aparır.
"NATO onları (Ukrayna silahlı birləşmələrini - red.) kəşfiyyat məlumatları ilə təmin edir, birbaşa hədəf təyinatını həyata keçirir, öz hərbi müşavirlərini və xarici muzdluları göndərir, bizə qarşı informasiya və sanksiya müharibəsi aparır", - deyə nazir qeyd edib.
Qərbin əsas məqsədi
Rusiya müdafiə naziri Sergey Şoyqu vurğulayıb ki, hazırkı vəziyyət ABŞ üçün faydalıdır, onlar qlobal liderliyi saxlamaq üçün bundan istifadə etməyə çalışırlar, lakin kollektiv Qərbin əsas məqsədi Rusiyanın iqtisadiyyatını və hərbi potensialını məhv etməkdir.
"Aydındır ki, mövcud vəziyyət ilk növbədə ABŞ-ın xeyrinədir. Vaşinqton bundan qlobal liderliyi qorumaq və digər ölkələri, o cümlədən Avropadakı müttəfiqlərini maksimum zəiflətmək üçün istifadə etməyə çalışır. Lakin kollektiv Qərbin dağıdıcı səylərinin əsas məqsədi təbii ki, Rusiyadır - onun iqtisadiyyatını, hərbi potensialını məhv etmək, onu müstəqil xarici siyasət yürütmək imkanından məhrum etməkdir", - deyə Şoyqu bildirib.
Nazir qeyd edib ki, ABŞ və Avropa ölkələri Kiyev rejiminin nüvə şantajı elementlərinə, xüsusən də Zaporojye AES-ə qarşı təxribatlara məhəl qoymurlar.
Kiyevin nüvə şantajı
"ABŞ və Avropa ölkələri Ukrayna hakimiyyətinin nüvə şantajı elementlərinə, məsələn, Zaporojye AES-ə qarşı təxribatlara məhəl qoymurlar", - deyə Şoyqu bildirib.
Onun sözlərinə görə, Moskva Kiyevin "çirkli" nüvə bombası yaratmaq cəhdlərindən, eləcə də öz ərazisində NATO ölkələrinin nüvə silahlarını yerləşdirməyə hazır olmasından xəbərdardır.
"Bu yaxınlarda Ukrayna Prezidenti Qərb ölkələrini Rusiyaya qarşı preventiv nüvə zərbələri endirməyə çağırıb", - deyə nazir xatırladıb.
İttifaq dövlətinin təhlükəsizliyi
Şoyqu bildirib ki, Rusiya Müdafiə Nazirliyi NATO qruplaşmasının artması şəraitində İttifaq dövlətinin hərbi təhlükəsizliyini təmin etməyi özünün prioriteti hesab edir.
"Bu şəraitdə Müdafiə Nazirliyi İttifaq dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsini prioritet vəzifə hesab edir", - deyə Şoyqu bildirib.
"Əsas diqqəti qoşunların hazırlanmasına və onların döyüş qabiliyyətinin artırılmasına yönəldirik. Biz mütəmadi olaraq KTMT, MDB və ŞƏT beynəlxalq təşkilatları çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı tədbirləri keçiririk", -deyə nazir əlavə edib.
O, həmçinin qeyd edib ki, NATO qruplaşmasının şərq cinahında artması Rusiya Federasiyasının müttəfiqlərini, ilk növbədə Belarusu təhlükə altına qoyur.