BAKI, 2 noyabr — Sputnik. Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.
O qeyd edib ki, amma bu təklif rədd edilib.
Paşinyan sülhməramlıların mandatının uzadılması məsələsinin gündəmdə qalacağını əlavə edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı mətbuat konfransında bildirib ki, sülhməramlılarla bağlı bizim 2020-ci il 10 noyabr tarixli birgə bəyanatımızda da qeyd olunub. Burda əlavə ediləsi bir şey yoxdur.
Putin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin gələcək taleyindən də danışıb.
"Biz bu barədə danışdıq. Bunun üçün bizim birgə razılığımız olmalıdır. Bilirsiniz, bu, digər məsələlərdən asılı olacaq. Misal üçün, sülh müqaviləsinin mümkün imzalanması və sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlərdən asılıdır. Əgər bu məsələlər həll olunsa, o zaman sülhməramlı məsələsi başqa cür qoyulacaq. Əgər həll olunmasa və ya hansısa həcmdə həll olunsa, o zaman bundan bizim sülhməramlıların taleyi asılı olacaq. Lakin bütün hallarda hər iki tərəf Rusiyaya gördüyü işə görə təşəkkürlərini ifadə etdilər", - Putin Paşinyanın sülhməramlıların mandatının uzadılmasına dair açıqlamasına münasibət bildirərkən deyib.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan bəyanata əsasən, Rusiya sülhməramlıları Azərbaycanda yerləşdirilib. Onların fəaliyyəti sənədin 3-cü və 4-cü maddələri üzrə müəyyənləşdirilib:
"3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır".