TƏHSİL

Nardaran, Maştağa və Buzovna məktəblərində qızlar üçün unikal təlimlər keçilib

Buzovnadakı 125, Nardarandakı 130 və 295, Maştağadakı 209 və 255 saylı məktəblərdə yuxarı sinif şagirdləri olan 100-dən artıq qıza davamlı və ömür boyu davam edən təhsilin önəmi, eləcə də liderlik təlimləri keçilib.
Sputnik
BAKI, 2 noyabr - Sputnik. Bakının Nardaran, Maştağa və Buzovna qəsəbələrində yerləşən məktəblərin yuxarı siniflərində təhsil alan qızlara davamlı təhsillə bağlı motivasiya dərsləri və liderlik təlimləri keçilib.
Dərs və təlimlər "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği" layihəsi çərçivəsində baş tutub.
Layihə çərçivəsində məktəbli qızlara sürət və informasiya əsrində davamlı və həyat boyu davam edən təhsilin önəmi barədə geniş bilgilər, motivasiya verilib. Eyni zamanda liderliklə bağlı interaktiv təlimlər keçilib.
"Qadın Liderliyi Uğrunda" İB-nin tədbiri
Layihənin rəhbəri, Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva təlimlərlə bağlı deyib:
““Məktəbli qızlar üçün davamlı təhsil və liderlik" təlimlərimizə yekun vurduq. Buzovnadakı 125, Nardarandakı 130 və 295, Maştağadakı 209 və 255 saylı məktəblərdə yuxarı sinif şagirdləri olan 100-dən artıq qıza davamlı və ömür boyu davam edən təhsilin önəmi barədə danışıqdıq. Onlara bu yöndə motivasiya dərsləri keçdik. Liderlik, karyera quruculuğu, özünü təqdim etmək bacarıqları, natiqliyin sirləri barədə vacib ip ucları verdik.
Biz yeniyetmə qızlarımızın beyninə gələcəkdə ölkəmiz, millətimiz və dünyamız üçün vacib olan toxumları səpdik. Onları cücərtmək, böyütmək, meyvələri yetişdirmək missiyası qızlarımızın üzərinə düşür. Dedik ki, həyatınıza missiya kimi baxın. Öz ayaqlarınız üzərində durmağı, kimsədən asılı olmadan yaşamağı öyrənin. Öncə özünüz, karyeranız, sonra ailəniz və çevrəniz. Sübut edin ki, azərbaycanlı qızlar öz beyinlərinin, iradələrinin gücü ilə çox şeyə, dünyadakı yaşıdları ilə uğurlu rəqabət aparmağa qadirdirlər”.
"Qadın Liderliyi Uğrunda" İB-nin tədbiri
Ü.Abdullayeva qeyd edib ki, qadınlar istənilən cəmiyyətdə liderlik mövqeyinə çata bilərlər. Çünki liderlər doğulmurlar, liderlər olurlar. Bunun üçün onlardan iradə, ardıcıl əmək, bilikləri artırmaq, təcrübələri inkişaf etdirmək tələb olunur.
Eyni zamanda onlar öz bilik və bacarıqlarını nümayiş etdirmək, praktiki həyata tətbiq etmək, ideyalarını reallaşdırmaq üçün özlərini layiqli şəkildə təqdim etmək bacarıqlarına yiyələnməli, gözəl natiq olmalıdırlar. Odur ki, məktəbli qızlara bu yöndə faydalı motivasiya dərsləri və interaktiv təlimlər keçilib. Təlimlər qızlar tərəfindən həvəslə qarşılanıb və onlar təlimlərin nəticələrinin qiymətləndirilməsi üçün keçirilən testlərdə yüksək nəticələr göstəriblər.
"Qadın Liderliyi Uğrunda" İB-nin tədbiri
Təlimlərin sonunda iştirakçılara yaddaş üçün materiallar təqdim edilib.
Qeyd edək ki, iki aylıq layihənin məqsədi qız uşaqlarına təhsillərini davam etdirmək və gələcəyin liderləri olmaq istiqamətində bilik və motivasiya vermək, onlara təhsili yarımçıq qoyaraq erkən evliliyə can atmanın zərərli tərəflərini izah etməkdir.
"Qadın Liderliyi Uğrunda" İB-nin tədbiri