BAKI, 2 noyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi "ASAN xidmət"də fəaliyyətə başlayıb.
"ASAN xidmət"də sahibkarlara Agentlik tərəfindən xidmətlər təqdim olunacaq.
İlkin mərhələdə sahibkarlar yeni fəaliyyətə başlamış Bakı şəhəri 7 saylı "ASAN xidmət" mərkəzində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən göstərilən iki xidmətdən yararlana biləcəklər. Sahibkarlar mərkəz vasitəsilə "Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi haqqında çıxarış"ı və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (partlayıcı maddələrin və qurğuların; tezalışan maddələrin və pirotexniki məmulatların) dövriyyəsinə "Xüsusi icazə"ni əldə edə bilərlər.
Prosesin tədricən Bakı şəhəri və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır. Növbəti mərhələdə isə təqdim olunan xidmətlərin sayının artırılması nəzərdə tutulur.
Qeyd edək ki, həmin xidmətlərin "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilməsi şəffaflığın artırılmasını, prosesin asanlaşdırılmasını və sahibkar məmnunluğunun yüksəldilməsini təmin edəcək.
Noyabrın 2-də 7 saylı "ASAN xidmət" mərkəzində nazirliyin bəzi xidmətlərinin fəaliyyətə başlaması münasibətilə açılış mərasimi olub.