BAKI, 2 noyabr — Sputnik. Noyabrın 15-də və 22-də İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə hərracları keçirərək 104 dövlət əmlakını investorlara təklif edəcək.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, ilk hərraca 6 səhmdar cəmiyyətin səhm paketi, 10 dövlət obyekti, 36 nəqliyyat vasitəsi, növbəti hərraca isə 15 dövlət obyekti və 37 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Onların çoxu torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılacaq.
Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, tikinti, kənd təsərrüfatı sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Yaponiya, Almaniya və Rusiya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə buradan tanış ola bilərsiz: https://bit.ly/3mmNVpB
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 25-də keçirilən hərracda 1 obyekt, 20 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 96 sifariş qəbul edilib, bunun 5-i elektron qaydada həyata keçirilib.
Özəlləşdirilən obyekt Bakının Qaradağ rayonunda yerləşən "Şadlıq evi"dir. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlak 39000 manata satılıb.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara onlayn şəkildə qatılmaq imkanları iştirakı daha da sadələşdirib. Bu isə hərrac iştirakçılarının sayında artıma səbəb olur. Hərracların əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir.
Budəfəki hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər rəqabətli şəkildə satılıb. Belə ki, ilkin satış qiyməti 6500 manat olan "Nissan Sunny" markalı avtomobilə edilən son təklif 10650 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 10000 manata olan "Kia Sorento" markalı nəqliyyat vasitəsi 15000 manata satılıb.