BAKI, 2 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, 2022-ci il avqustun 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərəcək.
Xatırladaq ki, avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.
Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. 2022-ci ildə isə bu rəqəmin 500 milyon dollara çatdırılması nəzərdə tutulub. Lakin Prezident İlham Əliyevin də söylədiyi kimi ölkələrin əsas hədəfi bu rəqəmin 1 milyard dollara yüksəldilməsidir.