RUSİYA

Yaxın Şərq çoxqütblü dünyanın formalaşmasında vacib rol oynayır - Putin

Rusiya lideri vurğulayıb ki, dünyada siyasi və iqtisadi dəyişikliklər baş verir, beynəlxalq münasibətlərin çoxqütblü sisteminin formalaşması prosesi geniş vüsət alır.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Ərəb Liqası sammitinin iştirakçılarını salamlayaraq, Yaxın Şərq və Şimali Afrikadakı problemlərin beynəlxalq hüquqi əsaslarla, region dövlətlərinin suverenliyinə hörmətlə həll edilməli olduğunu vurğulayıb. Müvafiq məlumat Kremlin saytında dərc olunub.
Ərəb Dövlətləri Liqasının təşkilatçılarının "birləşdirici" adlandırdıqları iki günlük sammiti üç illik fasilədən sonra çərşənbə axşamı Əlcəzairdə başlayır. Sonuncu dəfə ərəb ölkələri arasında adətən hər il keçirilən sammit 2019-cu ildə Tunisdə keçirilib. Son bir neçə ildə iclasın keçirilməsinə koronavirus pandemiyası mane olub.
"Rusiya Ərəb Liqası və onun bütün üzvləri ilə hərtərəfli, o cümlədən regional və qlobal səviyyədə təhlükəsizliyin gücləndirilməsi məqsədilə qarşılıqlı əlaqəni inkişaf etdirməyə hazırdır. Biz Yaxın Şərqdə və Şimali Afrikada, o cümlədən Suriya və Liviya böhranları, Yəmən və Fələstin-İsrail münaqişələrinin dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə ciddi hörmət edilməklə, hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda həll edilməli olması mövqeyindən çıxış edirik", - məlumatda deyilir.
Rusiya lideri vurğulayıb ki, dünyada siyasi və iqtisadi dəyişikliklər baş verir, beynəlxalq münasibətlərin çoxqütblü sisteminin formalaşması prosesi geniş vüsət alır. Onun sözlərinə görə, ümumi əhalisi demək olar ki, yarım milyard nəfər olan Yaxın Şərq və Şimali Afrika ölkələri bu prosesdə getdikcə əhəmiyyətli rol oynayır.
"Şübhəsiz ki, beynəlxalq vəziyyətin yaxşılaşdırılması, dövrümüzün təhdid və çağırışlarına qarşı mübarizə vəzifələri əlaqələndirilmiş kollektiv səyləri tələb edir və Ərəb Dövlətləri Liqası kimi nümayəndəli çoxtərəfli strukturlara tələbi əhəmiyyətli dərəcədə artırır", - Rusiya Federasiyasının Prezidenti bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə fəxri qonaq qismində iştirak edir. O, artıq görüşə gəlib.
Sammitdə Fələstin ətrafında vəziyyət, ərzaq və enerji təhlükəsizliyi məsələləri, eləcə də Ukraynadakı vəziyyətin Yaxın Şərq regionuna təsirinin müzakirəsi planlaşdırılır.
Xatırladaq ki, Əlcəzair Prezidenti Əbdülməcid Tebbun oktyabrın sonunda Azərbaycan lideri İlham Əliyevi Ərəb Liqasının sammitinə fəxri qonaq kimi dəvət etmişdi.
Müvafiq məktubu Əlcəzairin xarici işlər naziri Ramtana Lamamra BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təqdim edib.