BAKI, 1 noyabr — Sputnik. Son 3 ayda Kliniki Tibbi Mərkəzə it dişləməsindən 321 nəfər müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müraciət edən hər bir şəxsə vaksin vurulduqdan və ilkin tibbi yardım göstərildikdən sonra qeydiyyatda olduğu ərazi üzrə müvafiq tibb müəsisəsinə yönləndirilib.
Bu dövr ərzində it dişləməsi ilə bağlı müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb.
Mütəxəssislər bildirirlər ki, itlərin, xüsusi ilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir. Çünki it dişlədikdən sonra peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir.
Qeyd edək ki, quduzluq çox ağır xəstəlik hesab edilir. Heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə aparılmasa, insan ölümünə də səbəb olur. Bu baxımdan ən vacib məsələ quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır.
Qeyd edək ki, 2022-ci ilin 9 ayı ərzində respublika üzrə 28549 nəfər heyvan dişləməsi şikayəti ilə tibb müəssisələrinə müraciət edib. Bunlardan 6484 nəfəri Bakı şəhərinin payına düşür. Müraciət edənlərin 23716 nəfəri it (Bakı şəhəri üzrə 4471), 3909 nəfəri pişik (Bakı şəhəri üzrə 1765), 420 nəfəri siçovul (Bakı şəhəri üzrə 162), 504 nəfəri isə digər heyvalar (Bakı şəhəri üzrə 86) tərəfindən zədələnməyə məruz qalanlardır.
Müraciətlər ən çox Abşeron, Sumqayıt, Şəmkir, Gəncə (Bakı şəhəri üzrə Sabunçu, Xəsər, Suraxanı və s.) və sair rayonlarda qeydə alınıb.