BAKI, 1 noyabr - Sputnik. RF müdafiə naziri Sergey Şoyqu Türkiyəli həmkarı Hulusi Akarla Rusiya tərəfinin Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasını dayandırmasını müzakirə edib. Bu barədə çərşənbə axşamı Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Noyabrın 1-də Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqu Türkiyə tərəfinin təşəbbüsü ilə Türkiyənin müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb. Söhbət zamanı Rusiya tərəfinin “Qara dəniz taxıl təşəbbüsü” çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasını dayandırması mövzusu ətrafında müzakirələr davam etdirilib, -deyə şöbədən bildirilib.
Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir.
Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi (JCC) silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.