RUSİYA

Rusiya Azərbaycandan qeyri-neft məhsulların əsas idxalçısına çevrilib

Cari ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektorunun məhsulları siyahısında karbamid birinci yeri tutub.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Rusiya 2022-ci ilin sentyabrında Azərbaycandan ən çox qeyri-neft sektoruna aid mallar idxal edən ölkələr siyahısında 74,6 milyon dollar dəyərində məhsul alaraq birinci yerə yüksəlib. Bu siyahıda Türkiyə (20,5 milyon dollar) və Gürcüstan (18,5 milyon dollar) isə ikinci və üçüncü yerdə qərarlaşıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin oktyabr ayı üçün "İxrac İcmalı"nda deyilir.
İcmala əsasən, ümumilikdə 2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyaya 602,2 milyon dollar, Türkiyəyə 511,6 milyon dollar, Gürcüstana 144,6 milyon dollar, İsveçrəyə 136,3 milyon dollar, ABŞ-a 63,8 milyon dollar məbləğində qeyri-neft sektoruna aid mallar göndərilib.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektorunun məhsulları siyahısında karbamid birinci yeri tutub. Göstərilən dövrdə 163,5 milyon dollar dəyərində karbamid, 147,1 milyon dollar dəyərində xam pambıq və 134,3 milyon dollar dəyərində pomidor ixrac edilib.
Hesabata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard dollar, qeyri-neft sektoru üzrə ixracı 2,1 milyard dollar təşkil edib. Qeyri-neft sektorunda ixrac 2021-ci ilin doqquz ayı ilə müqayisədə 17% artıb.
Hesabat dövründə kimya sənayesi məhsullarının ixracı 2,4 dəfə, alüminium və ondan hazırlanmış məmulatların ixracı 38%, qara metallar və onlardan hazırlanmış məhsulların ixracı 20,7% artıb.
İQTİSADİYYAT
Azərbaycanda qeyri-neft ixracı artıb