RUSİYA

Kosaçov açıqladı: Parlamentlərarası təmaslar üçün məsləhətləşmələr başlanılıb

Rusiya Federasiya Şurasının sədr müavini bildirib ki, bu təmaslar iki ölkənin xalqları arasında etimadı gücləndirmək üçün lazımdır.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli parlamentlərarası təmasları üçün məsləhətləşmələr başlanılıb. Bu barədə Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçov deyib.
Onun sözlərinə görə, bu təmaslar iki ölkənin xalqları arasında etimadı gücləndirmək üçün lazımdır:

"Biz bu tapşırığı həyata keçirmək üçün Azərbaycan və Ermənistanla ikitərəfli parlamentlərarası komissiyaların mexanizmlərindən istifadə etməyi nəzərdə tutmuşuq".

Xatırladaq ki, ötən gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü keçirilib.
Rusiya prezidenti bildirib ki, bu, çox faydalı görüş oldu: "Bu, bəzi fundamental məsələlər üzrə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı".
"Bu gün biz birgə bəyanatla razılaşdıq. Açığını deməliyəm ki, heç də hər şey razılaşdırılmayıb. Əvvəllər işlənmiş mətndən bəzi şeylər çıxarılmalı idi. Buna baxmayaraq, görüşün keçirildiyi barədə ümumi qiymətləndirmə ilə razıyam", - Rusiya prezidenti vurğulayıb.
Onun sözlərinə görə, bu, bütövlükdə vəziyyətin həlli üçün növbəti addımların atılmasına şərait yaradır.
Putin əlavə edib ki, Rusiya öz növbəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin tam normallaşmasına nail olmaq üçün hər şeyi edəcək.